"Hökumətdən soruşmaq lazımdır ki..." - ŞƏRH

16-05-2019 19:46 / Bu xəbər 828 dəfə oxundu

Cəmil Həsənli: "Azərbaycan hökumətinin xarici siyasəti iflasa uğrayıb"
 
Brüsseldə "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunan konfrans başa çatıb. 

Konfransda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib. 

Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş xarici işlər nazirlərinin toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədi Azərbaycan imzalamayıb.  

Görüşlə bağlı mediada və sosial şəbəkələrdə gedən müzakirələrdə sənədin imzalanmamasına səbəb Azərbaycanın ərazi bütövlüyünə istinadların olmaması göstərilir. 

Ermənistan mətbuatında da bu məsələ əksini tapıb. 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov isə report.az-a bildirib ki, bu məlumatlar təxribat xarakteri daşıyır: "Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş Xarici İşlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı. Habelə, Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul edliləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb".

İsa Qəmbər: "Diqqətin yekun sənədin imzalamadığına yönəltmək mövzunun dəyişdirilməsi cəhdidir"

İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) İsa Qəmbər Toplum.tv-ə bildirib ki, diqqəti toplantının sonunda Azərbaycanın yekun sənədi imzalamadığına yönəltmək, əslində, mövzunun dəyişdirilməsi cəhdidir: "Məncə, diqqətin bu sənədin imzalanmamasına yönəldilməsi mövzunun  dəyişdirilməsi cəhdidir. Burada əsas mövzu Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli sazişin hələ də imzalanmaması olmalıdır. Amma heç kəs soruşmur ki,  Şərq Tərəfdaşlıq proqramına daxil olan 4 ölkə ilə (Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) Avropa Birliyi arasında sazişlər hələ 2014 və 2017c-ci illərdə bağlandığı halda, Azərbaycanla niyə hələ də imzalanmayıb".

"O ki qaldı Azərbaycanın Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş konfransının yekun sənədini  imzalamamasına, bu sənədi digər 5 dövlətin başçıları da imzalamayıb. Bu layihə ilə bağlı iştirak edən ölkələr arasında fikir müxtəlifliyi olduğuna görə sənədi ancaq Avropa İttifaqının təmsilçisi Federika Moqerini imzalayıb. "Avropa Birliyi postsovet dövlətlərinin ərazi bütövlüyünü dəfələrlə müxtəlif sənədlərdə qeyd edib. Həmçinin də Qarabağın Azərbaycan torpağı olması haqqında Avropa Birliyi və Avropa Parlamenti öz mövqeyini  bildiriblər. İndi bunun bir sənəddə qeyd olunmaması heç nəyi dəyişmir. Bütün diqqətin buna cəlb olunması isə Azərbaycan hökumətinin əsas sualdan kənarlaşmaq cəhdidir”, - deyə İsa Qəmbər qeyd edib. 

İsa Qəmbər həmçinin Azərbaycanın Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzalamama səbəbindən də danışıb: "2014-cü ildə Gürcüstan, Moldova və Ukranya , 2017-ci ildə hətta Ermənistanın imzaladığı Tərədaşlıq və Əməkdaşlıq sazişini Azərbaycan hələ də imzalamayıb. Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, bu məsələ niyə hələ də uzadılır? Düşünürəm ki, bu sazişdə Azərbaycan qanunverciliyini,  xüsusilə iqtisadi sahədə, Avropa qanunvericiliyinə uyğunlaşdırılması nəzərdə tutulur. Sazişi imzalayan dövlətlərin hamısı Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Azərbaycan isə uzun illərdir ki, bu təşkilatla  danışıqlar aparsa da, qərar qəbul edə bilmir. Təşkilata qoşulmaq üçün isə Azərbaycandan bir sıra iqtisadi problemlərin, məsələn korrupsiya və inhisarlaşmanın  aradan qaldırılması, bütövlükdə iqtisadi idarə etmə standartlarının yüksəldilməsi tələb olunur.Avropa Birliyi bu məsələlərdə sığortalanmaq istəyir. Azərbaycan isə bu məsələni ləngidir. Digər tərəfdən isə sazişin layihəsi xalqa açıqlanmır. Buna dəfələrlə etirazımızı bildirsək də, hələ də layihə xalqa açıqlanmayıb. Bu saziş tək hökumət ilə Avropa Birliyi arasında bağlanmadığı üçün cəmiyyətə açıqlanmalıdır. Xalqın bunu bilməyə haqqı var”.

İsa Qəmbərin fikirincə, saziş layihəsinin  açıqlanmamasının məsuliyyəti Azərbaycan hakimiyyətindədir: "Hökumət bu sazişin layihəsini gizli saxlamaq istəyir. Lakin Avropa Birliyi ortaya mövqe qoymalıdır ki, layihə açıq olsun. Avropa Birliyinin  Azərbaycan hökumətinin bu məsələlərdə ərköyünlüyünə göz yumması müsbət nəticə verməyəcək. Xalq layihənin nədən ibarət olduğunu bilməlidir. Azərbaycan ictimaiyyəti isə rejimin Avropa ilə gerçək fikir ayrılıqlarını hamımız üçün həssas Qarabağ mövzusu  ilə gizlətmək cəhdinə aldanmamalıdır”.

Cəmil Həsənli: "Azərbaycan hakimiyyətindən gözləntimiz yox idi"
 

Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil  Həsənli isə hesab edir ki, Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini xalqın maraqlarına deyil, öz maraqlarına uyğun imzalanmasını istəyir: "10 il ərzində Azərbaycan Şərq tərəfdaşlığına doğru daha sıx addımlar atmalı, Avropa İttifaqına inteqrasiya olmaq üçün islahatlar aparmalı, qanunlar qəbul etməli idi. Təəssüflər olsun ki, belə bir addım atılmayıb. İkinci bir tərəfdən Şərq Tərəfdaşlığı ideyası başlayanda Azərbaycan yarım azad ölkə idi. Amma onun 10 illiyi tamam olanda Azərbaycan qeyri-azad ölkələr sırasında yer tutub. Bu o deməkdir ki, Azərbaycan onu idarə edənlərin tamahı, yarıtmaz siyasəti ucbatından geriləyib və və yarım azad ölkədən qeyri-azad ölkəyə çevrilib. Burada günah Azərbaycan hakimiyyətinindir". 

Cəmil Həsənli deyir ki, imzalanacaq sənədin detalları açıqlanmadığından konkret hansı mövzularda fikir ayrılıqlarının olması da aydın deyil: "Burada həm Qarabağ, həm iqtisadi məsələlər, həm də insan hüquq və azadlıqları ilə bağlı detallar var. Azərbaycn tərəfi  mayın 13 elan etmişdi ki, strateji tərəfdaşlıq sazişini imzalayacaq. Mayın  13-dən əvvəlki ab-hava göstərdi ki, sazişin imzalanması ilə bağlı heç bir addım gözlənilmir. Ümumiliyyətlə, Azərbaycan Avropa İttifaqı ilə Avropa dəyərləri çərçivəsində əməkdaşlıq etməyə hazır deyil. Heç bir sənəd qəbul olunmayıb, islahat aparılmayıb. Xatırlayırsınızsa, Gürcüstan Assosiyasiya Sazişinə hazırlıq  mərhələsində  nə qədər qanunlar qəbul etmişdi. Ölkənin daxili siyasəti, iqtisadi, mədəni, sosial həyatı ilə bağlı islahatlar aparılmışdı, viza sistemini Avropa qaydalarına uyğunlaşdırmışdı. Amma biz Azərbaycanda bu istiqamətdə bir iş görmədik".

Cəmil Həsənli qeyd edir ki, Azərbaycan hökumətinin xarici siyasəti iflasa uğrayıb: "Avropa Birliyi bir neçə sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edir. Biz deyə bilmərik ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımır və ya hansısa şəkildə şübhə altına alır. Çünki Avropa Birliyinin qəbul etdiyi qətnamələr ayın 4 də  imzalanan sənəddən hüquqi cəhətdən daha güclüdür. Ümumiyyətlə, Azərbaycan hökumətinin Avropa Birliyi ilə nəzərdə tutduğu siyasət  iflasa uğradı. Bu da hakimiyyətin yalnız daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. Onsuz da bizim Azərbaycan hakimiyyətindən gözləntimiz yox idi". 

"Mayın 14 də Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han öz açıqlamasında qeyd etdi ki, Azərbaycan bizlə iqtisadi çağırış imzalamaq istəyirdi. Düzdür, bu iqtisadi çağırışda bizim də maraqlarımız var idi, amma biz bütövlükdə bunu edə bilməzdik. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti, sadəcə olaraq demokratiya, insan haqları, siyasi  məhbus məsələlərindən yayınaraq Avropa ilə görüntü xarakterli saziş bağlamağı nəzərdə tuturdu. İstəyirdilər ki, Avropa İttifaqı ilə bağlanan saziş demokratiyadan yan keçsin. Bundan başqa, sazişin iqtisadi tərəfləri də var ki, hakimiyyət bu sahədə olan problemləri aradan qaldırmaq niyyətində deyil, çünki maraqlarına uyğundur. Bu da iqtisadiyyatda korrupsiya, monopoliya, iqtisadiyyatın bütün sahələrində inhisarçılıq və bank sektorunun hakim ailənin əlində olması ilə bağlıdır". 

Aydın Mirzəzadə: "Azərbaycan cəmiyyəti niyə Ermənistan mətbuatına inanmalıdır?"
 

Aydın Mirzəzadə 
 
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə qeyd edir ki, sammitin sonunda yekun sənədin imzalanması nəzərdə tutlmamamışdı: "Bu sammit Şərq Tərəfdaşlığının proqramının  imzalanmasının 10 illiyinə həsr olunmuşdu. Burada proqramın iştirakçıları 10 il ərzində əməkdaşlağın nəticələrini müzakirə etdilər. Eyni zamanda hər bir dövlət bu əməkdaşlığın gələcək prespektivləri barədə öz fikirlərini bildirdilər”.

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan cəmiyyəti Ermənistan mətbuadında yayılan təxribat xarakterli məlumatlara inanmamalıdır: "Təxribat xarakterli məlumatları əsasən də Ermənistan mətbuatı yayır. Azərbaycan cəmiyyəti niyə Ermənistan mətbuatına inanmalıdır? Ermənistan o dövlətdir ki, 20 faiz torpağımızı işğal edib, düşmənimizdir. Biz onların yaydığı heç bir məlumata inanmamalıyıq.”

Lalə Tağızadə