"Hökumətin pulu yoxdur ki, heykəli təmir etdirsin?" - FOTOLAR

05-06-2017 18:14 / Bu xəbər 1945 dəfə oxundu

"Başa düşə bilmirəm ki, hökumətin pulu yoxdur ki, öz qəhrəmanının heykəlini təmir etdirsin?"

7 ilə yaxındır dəmir hasarlarla əhatə olunan "Qaraçuxur parkı" bir vaxtlar Bakının ən geniş və gözəl parklarında sayılırdı. Əvvəllər yaşıllıqlar içərisində olan bu parkın köhnə görüntüsündən indi əsər-əlamət qalmayıb.

Parkın ərazisi təxminən 10 hektara yaxındır. Şəhər ərazisindəki ən geniş parklardan biridir desək, yalan olmaz. Yaşıllıq, ağaclar adamı bir anlıq şəhər ab-havasından ayırır. Lakin parkın ərazini gəzdikcə, bu, yaşıllıq və ağacların quruduğunu, parkın baxımsız vəziyyətdə qaldığını açıq-aşkar görmək olur. 

Adının və ya salınma tarixinin qeyd olunduğu lövhə yoxdur. Lakin parkın ərazisində fəaliyyət göstərən çay evinin işçiləri buranın "Veteranlar parkı" və ya yerləşdiyi əraziyə görə "Qaraçuxur parkı " adlandırıldığını deyir. Xarabalığı xatırladan bu ərazinin niyə bu vəziyyətdə olması isə sirr olaraq qalır. 

Sakinlərin dediyinə görə, təmir üçün illər əvvəl hasara alınsa da, işlər yarımçıq qoyulub. Onlar bildirirlər ki, parkda sonuncu dəfə abadlıq işləri təqribən 2 il əvvəl aparılıb. Yeni skamyalar, uşaqlar üçün atraksionlar quraşdırılsa da, sonradan onların hamısı yoxa çıxıb. Uşaqlar üçün nəzərdə tutulmuş maşınlar isə yararsız vəziyyətdədir. 

İndi oturacaqları daş və ağac kötükləri əvəz edir. Parkın ərazisində hətta at və başqa heyvanlar da saxlanılır. Diqqətçəkən başqa bir məqam isə parkın mərkəzində ucaldılan Milli Qəhrəman Cavanşir Rəhimov adına abidənin vəziyyətidir. Abidə uçuq-sökük haldadır. Parkdakı tək heykəl bu abidə deyil, müxtəlif heyvan heykəlləri də Milli Qəhrəmanın abidəsi ilə eyni taleyi bölüşür.

Parkın köhnə sakinlərindən olan Vəli Mehdiyev bildirdi ki, əvvəllər buranın vəziyyəti çox yaxşı olub:

"Nəvələrimizi gətirərdik, dost-tanışla oturub söhbətləşərdik. İndi heç oturmağa skamya da tapılmır. Aradabir gəlib zibilləri təmizləyib gedirlər. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Konkret bir cavab verən yoxdu. Vəziyyət elə həddə çatıb ki, hətta parkda heyvan da saxlayırlar. Bilmək olmur bura parkdı, yoxsa otlaq".

Digər bir sakin Pəri Həsənova da eyni məsələlərə toxundu. Ona ən çox təsir edən isə Milli Qəhrəman Cavanşir Rəhimovun dağılmış abidəsidir: 

"Başa düşə bilmirəm ki, hökumətin pulu yoxdur öz qəhrəmanının heykəlini təmir etdirsin? Axı o, bu vətən uğrunda canından keçib. Parkın vəziyyəti isə göz qabağındadır. Ağaclar günü-gündən quruyur, nə oturmağa bir yer var, nə də nəvələrimiz üçün şərait. İllərdir hasara alınıb, təmir olunacaq deyirlər, amma artıq bizim də inamımız qalmayıb".

Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarov isə Topum.Tv-yə açıqlamasında hazırda təmir üçün vəsaitin olmadığını bildirib: "Qaraçuxur qəsəbəsində olan "Neftçilər park”ı 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına salınmışdı. O proqrama əsasən orada təmir və  yenidənqurma işləri görülüb istifadəyə verilməsi nəzərdə tutulurdu. 2016-cı ildə vəsait ayrılmışdı və müəyyən işlər görülmüşdü. Hazırda vəsait olmadığı üçün orada təmir işləri dayandırılıb. 2017-ci il üçün ayrılacaq vəsaitdən sonra oranı təmiri davam etdiriləcək və bu ilin sonuna kimi sakinlərin ixtiyarına verilməsi planlaşdırılır".

Türkan Bəşir
Toplum.Tv