Hüquq müdafiəçiləri jurnalistlərin təqib olunması ilə bağlı bəyanat yayıb

Hüquq müdafiəçiləri jurnalistlərin təqib olunması ilə bağlı bəyanat yayıb

24-06-2019 13:38 / Bu xəbər 723 dəfə oxundu

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq" (ASMAUİ) bəyanatla çıxış edərək jurnalistlərin təqib olunması ilə bağlı son olayları pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, "Realliq.info" saytının redaktoru İkram Rəhimov iyunun 12-də hədə yolu ilə pul tələb etmək ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

ASMAUİ qeyd edir ki, İ.Rəhimov 2018-ci il oktyabrın 27-də Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun ünvanına kəskin tənqidi bəyanatın dərcindən bir neçə saat sonra həbs edilib.

Bundan öncə İ.Rəhimov mətbuata kuratorluq edən yüksək vəzifəli məmurların korrupsiyaya bağlılığı haqda məqalələr dərc edib.

İ.Rəhimovun barəsində hökmün çıxarıldığı gün "Xeberman.com" və "Press-az.com" informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov saxlanılıb.

Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

P.Aslanovun ailə üzvləri bildiriblər ki, jurnalist xüsusi xidmət orqanı əməkdaşlarının rüşvətxorluğu barədə məqalənin dərcinə görə təqib olunur. Onların sözlərinə görə, məhz bu səbəbdən bir il öncə onu orduya çağırdılar, baxmayarq ki, o, səhhətilə əlaqədar orduya yararsız idi.

ASMAUİ bu halları "jurnalistlərə qarşı repressiyaların davam etməsi" və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş mətbuat və ifadə azadlığının boğulması" kimi qiymətləndirir.

ASMAUİ İ.Rəhimovu və P.Aslanovu siyasi məhbuslar kimi tanıyıb və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

ASMAUİ-nin siyasi məhbuslar siyahısında 7 jurnalist var.

ASMAUİ 2018-ci ilin noyabrında hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov, həmçinin Azərbaycan Ziyalılar İttifaqının rəhbəri Eldəniz Quliyev tərəfindən təsis edilib.

Turan İA