Hüquq müdafiəçisi: Gəncə hadisələrinə görə saxlanılan şəxs infarkt keçirib

Hüquq müdafiəçisi: Gəncə hadisələrinə görə saxlanılan şəxs infarkt keçirib

02-05-2019 19:54 / Bu xəbər 1201 dəfə oxundu

Sosial şəbəkələrdə Gəncə hadisələri ilə əlaqədər olaraq təqsirləndirilən şəxs Şahin Verdiyevin infarkt keçirdiyi xəbəri yayılıb

Məlumatı hüquq müdafiəçisi Samirə Ağayeva yayıb.

Samirə Ağayeva: "Dostlar, məhbuslardan yeni həyacan siqnalı!”, - başlığı ilə yazdığı statusda Şahin Verdiyevə heç bir tibbi yardımın göstərilmədiyini deyib: "Gəncə işində tutulan Şahin Verdiyev bir neçə gün öncə infarkt keçirib. Ona heç bir tibbi yardım göstərilmir. Üstəlik, bu gün bu vəziyyətdə ola ola məhkəməyə gətirilib”.

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə bildirib ki, Sabunçu Rayon Məhkəməsində baş vermiş məlum hadisələrlə bağlı prosesdə insident baş verib: "İnsidentin baş verməsinə səbəb təqsirləndirilən şəxs Şahin Verdiyevin infarkt keçirib, müalicə müəssisəsində ağır vəziyyətdə olmasına baxmayaraq məhkəməyə gətirilməsi oldu. İki nəfərin qolları arasında məhkəməyə gətirilən Şahini gözlərimizlə gördük ki, o, paralic keçirib. Ağzı əyilib, hissiyatı yox kimidir və bədənini bir tərəfi işləmir, rəngi də göyərmişdi. Şahinin səhhətinin ağır olmasına baxmayaraq hakim Dadaş İmanovun prosesi davam etdirmək cəhdi onunla valideynlər arasında mübahisənin yaranmasına səbəb oldu. İnsidentə məhbuslar da müdaxilə etdi”.

Oktay Gülalıyev deyib ki, hadisələr baş verən zaman məhbuslardan biri - Asif Cavadov ani yerə yıxılıb və huşunu itirib: "Bir neçə dəqiqə içində o, koma vəziyyətinə düşdü. Məhkəmə prosesi dayandırıldı və məhkəmə binasına təcili tibbi yardım çağırıldı. Bu zaman başqa bir məhbus - Həbib Qurbanov onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirdi".

"Həkimlər Şahin Verdiyevlə Asim Cavadovun vəziyyətinin kritik olduğunu bildirərək onları təcili şəkildə xəstəxanaya aparıblar. Hazırda onların durumu ilə bağlı məlumat yoxdur", - hüquq müdafəçisi yazıb.

Onun sözlərinə görə, məhkəmə prosesi təxirə salınıb.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edilib. Hadisəni Yunis Səfərov adlı şəxs törədib. 

Rəsmi məlumatlarda onun Rusiya vətəndaşı olduğu bildilir. 

İyunun 10-da isə Gəncədə aksiya keçirilib və hadisə zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb, biri isə yaralanıb. 

Uğur Fərzəli
Toplum Tv