Hüquq müdafiəçisi məlumat yaydı: "17 yaşlı gənc polisdə işgəncəyə məruz qalıb"

Hüquq müdafiəçisi məlumat yaydı:

20-01-2017 02:45 / Bu xəbər 2457 dəfə oxundu

Taleh Xasməmmədov: ''Ona bildiriblər ki, gecə saat 12 00-a qədər burada qalsan, sənə toy edəcəyik''

Göyçay rayon sakini, 17 yaşlı Şəmsi Zakir oğlu Həmidovun polis şöbəsinə aparılaraq döyüldüyü iddia olunur.

Bu barədə məlumatı hüquq müdafiəçisi Taleh Xasməmmədov yayıb. 

Onun sözlərinə görə, yanvarın 19-da, saat 17:30-da bir nəfər mülki geyimli şəxs idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Potu kənd ərazisində 17 yaşlı Şəmsi Həmidova yaxınlaşaraq onunla polis şöbəsinə getməyi tələb edib:

"Şəmsi Həmidov mülki geyimli şəxslə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gedib. Onu 3-cü mərtəbədə bir kabinetə salıblar. Həmin vaxt Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb, təhqir etməklə yanaşı vəhşicəsinə döyüblər. Ona bildiriblər ki, sən "goycay cars officional.pg” səhifsində DYP polis avtomobilinin şəklini yaymısan, səhifənin şifrəsini ver, dərhal oradan silinməlidir. Şəmsu Həmidov əvvəlcə mobil telefonunu, daha sonra isə həmin səhifənin parolunu polis əməkdaşlarına verməyə məcbur qalıb. Daha sonra telefonda olan şəkillərə baxış keçirən polislər serjanta xas fotonu gördükdən sonra Şəmsi ilə daha sərt davranaraq onu təkrar döyməyə başlayıblar. Ona bildiriblər ki, gecə saat 12 00-a qədər burada qalsan, bu gecə sənə toy edəcəyik. Daha sonra dilə gətirilməsi mümkün olmayan söyüş və təhdidlərlə onu özündən gedənə qədər döyüblər. Elə həmin vaxt otağa başqa bir polis əməkdaşı daxil olub və digər polislərər deyib ki, "Vurmayın, uşaqdır, bir səhvdir edib”. Başqa bir polis gəlib onu xəsarət almış görüb, soruşub ki, bu uşağı kim döyüb bugünə qoyub, sonra xəsarətlərinə baxıb. Baş verənlərdən təxminən 3 saat sonra işgəncəyə məruz qalan Şəmsi Həmidovun üst-başını təmizləyərək polis rəisinin kabinetinə aparıblar”.

T.Xasməmmədovun sözlərinə görə, orada polis rəisi Sənan Əsədov niyə bu işi tutduğunu soruşub, polislərlə düşmənçiliyi olması ilə maraqlanıb:

"Əlavə olaraq soruşub ki, sənin nəslində polisə düşən adam varmı. Rəis "yox” cavabını aldıqdan sonra sual edib ki, bəs niyə belə hərəkət edir. Sonra onu yenidən döyüldüyü kabinetə qaytarıblar. Orada onun mobil telefonunu özlərində saxlayaraq sərbəst buraxıblar. Hal-hazırda işgəncəyə məruz qalmış Şəmsi Həmidovun üzündə, sol gözündə, kürəyində, böyründə, qolunda və ayağında xəsarətlər var. Həmçinin onun cinsiyyət orqanına təpiklə ağır zərbə də vurublar. Ağrılardan nəfəs alması çətinləşib və axsayaraq hərəkət edə bilir. O, ümid edir ki, ona qarşı qanunsuzluğa yol vermiş polis əməkdaşları qanunamüvafiq cəzalandırılacaqlar. İlk dəfə polis vəhşiliyinin qurbanı olan 17 yaşlı Şəmsi Həmidov pozulmuş hüquqları uğrunda sona qədər mübarizə aparacağına and içib”.

Göyşay Rayon Polis Şöbəsindən Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını, araşdırıb məlumat verəcəklərini bildiriblər.