Hüquq müdafiəçisi prokurorluqda dindirildi

Hüquq müdafiəçisi prokurorluqda dindirildi

20-06-2017 15:33 / Bu xəbər 1899 dəfə oxundu

"Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 3 saata yaxın dindirildim".

Bunu iyunun 20-si dindirmədən sonra Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib.

O.Gülalıyev deyib ki, dindirmə əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi ilə bağlı olub: "Amma tək bununla kifayətlənmədilər. Eyni zamanda ad çəkilən cinayət işindən kənar da suallar da verildi".

Onun deməsinə görə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü və hüquq müdafiəçisi kimi fəaliyyəti də müstəntiqin diqqət mərkəzində olub.

Bundan əvvəl AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev və jurnalist Şahvələd Çobanoğlu da prokurorluğa çağırılaraq bu işlə bağlı dindirilib.

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", - deyə rəsmi açıqlamada vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.