Hüquq müdafiəçisi: "Təzyiq vasitəsidir"

Hüquq müdafiəçisi:

20-06-2017 18:02 / Bu xəbər 986 dəfə oxundu

Son günlər bir sıra vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və siyasi partiya liderləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindiriliblər.

İstintaqa çağırılanlar arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyası başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər,  jurnalistlərdən Şahvələd Çobanoğlu, Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Cavid Cabbarlı, hüquq müdafiəçilərindən Oqtay Gülalıyev və s. olub. 

Prokurorluğa çağırılanlar Əfqan Muxtarlı, Gözəl Bayramlı və "Kanal-13"ün rəhbəri Əziz Orucovun işi ilə bağlı dindirildiklərini deyiblər. 

Hüquq müdafiəçisi Bəşir Süleymanlı baş verənlərlə bağlı ToplumTv-yə deyib ki, prokurorluq cəmiyyətə dolğun informasiya verməlidir: "Bizim üçün  qaranlıqdır ki,  onlar hansı motivlər əsasında çağırılırlar. Sonradan bilirik ki, bəziləri Gözəl Bayramlının, bəziləri Əfqan Muxtarlının işinə görə çağırılır. Bununla bağlı informasiya çox məhduddur, demək olar ki, verilmir. Bu, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiya liderlərinə olan bir təzyiq vasitəsidir. İşlərindən etmək üçün edirlər. Bu da qəbul olunmaz bir şeydir”.

Deputat Fazil Mustafa isə düşünür ki, prokurorluğa kimsə çağırılırsa, o şəxsdə olan bilgiləri almaq üçün çağırılır:
 
"Prokurorluğun da ixtiyarı var ki, qanunla nəzərdə tutulmuş qaydada kimisə çağırsın. Kimsə qanunsuz çağırılırsa və ya onlara qanuna zidd formada rəftar varsa, buna münasibət bildirmək olar. Digər məsələlərə şərh verməyin mənası yoxdur, çünki qanuna uyğun davranışdır”.

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir:

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib".
AXCP üzvü prokurorluqda dindirilib
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Rəsmi qurumların açıqlamalarına görə, o, Azərbaycan ərazisində tutulub. Üstəlik, saxlanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına zorakı müqavimət göstərib.

Məhkəmənin qərarı ilə Ə.Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Əziz Orucov isə mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Əziz Orucov ev dustaqlığına buraxılmadı
Vəkilləri və müdafiəçiləri Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirib. Onlar deyir ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.
 
ToplumTv