Hüquq müdafiəçisindən Gürcüstandakı azərbaycanlılara çağırış

Hüquq müdafiəçisindən Gürcüstandakı azərbaycanlılara çağırış

26-07-2017 01:45 / Bu xəbər 1295 dəfə oxundu

"Harda yaşamasından, hansı peşəyə, dinə, əqidəyə qulluq etməsindən asılı olmayaraq şərlənib həbs olunan hər bir azərbaycanlını müdafiə etməliyik". 

Bunu Arqument.Az-a hüquq müdafiəçisi Oqtay Gülalıyev "Lancet" Klinikasının təsisçisi Fərman Ceyranlının Gürcüstanda həbs olunmasına və məhkəmə prosesinə münasibət bildirərkən deyib. 

"Bu gün müdafiəyə ehtiyacı olan, siyasi mülahizələrlə həbs olunan şəxslərdən biri də Gürcüstanda yaşayan soydaşımız, "Lancet" Klinikasının təsisçisi Ferman Ceyranlidır. O, hakimiyyət mətbəxində hazırlandığı ehtimal olunan, 2017- ci ilin 4 mayında virtualaz.org və haqqın.az saytlarında dərc olunan "Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısından dərhal sonra həbs olunub. Həmin yazıda adı çəkilən şəxs Azərbaycan müxaliftçilərini maliyələşdirməkdə ittiham olunurdu(!?)", - o bildirib. 

Hüquq müdafiəçisinin sözlərinə görə, artıq 2 həftədən çoxdur ki, F. Ceyranlının Tbilisidə məhkəmə prosesi başlayıb: "O, hər iki məhkəmə prosesində bütün dünyaya car çəkərək (məhkəməyə mətbuatın geniş diqqəti var- red.) Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstan hüquq mühafizə orqanları tərəfindən absurd ittihamlarla həbs edildiyini, siyasi məhbus olduğunu bildirir. Təəssüf ki, ölkədən çıxışımız qadağan olunduğundan onun məhkəmə prosesində iştirak edə bilmirik. Amma hesab edirəm şərlənib həbs olunan, dəstəyə ehtiyac olan günahsız bir şəxsi müdafiə etmək üçün onun məhkəməsində iştirak etmək şərt deyil". 

"Mən az saylı azad mətbuat orqanlarını, müstəqil hüquq müdafiəçilərini, ictimai- siyasi fəalları, Gürcüstanda yaşayan soydaşlarımızı "Fərman Ceyranlı işi"nə həssas və diqqətli olmağa, onu müdafiə etməyə çağırıram!", - Gülalıyev bildirib. 

Arqument.Az