"Hüquqlarımı necə qoruyacağımı bilmirəm, məmurlar qanunları pozur" - Prezidentə müraciət

01-11-2019 21:06 / Bu xəbər 928 dəfə oxundu

Bakı Dairəvi Avtomobil Yolu layihələndirilərkən Binəqədi rayonu ərazisində mülkiyyəti tikinti sahəsinə düşən vətəndaş Zemfira İslam qızı Əliyeva ölkə başçısı İlham Əliyevə müraciət edib. 

Criminal.az həmin müraciəti təqdim edir:

"Hörmətli cənab Prezident! Siz Azərbaycan Respublikasının Konstitusiyasının qarantısınız və Əsas Qanunun 129-cu maddəsinə məhkəmə qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2012-cİ il tarixli, 2-1 inz (l03)765/2012 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər V.M.Ağayev, C.A.Yusifov) iddiaçı Ə.Z.İ.qızının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2012-cİ il tarixli qərarı qismən, 300.608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmişdir.

Həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia eyni hissədə qismən təmin edilərək, əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 221.576,8 manat (iki yüz iyirmi bir min beş yüz yetmiş altı manat səksən qəpik) cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən tutularaq ərizəçiyə ödənilməsi, qərarın qalan hissədə - iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə tamamilə, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə münasibətdə əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 79.031,2 manatın (yetmiş doqquz min otuz bir manat iyirmi qəpiyin) və 13,7 sot torpaq sahəsinin dəyəri kimi 395.160 (üç yüz doxsan beş min yüz altmış beş) manatın ödənilməsi tələblərinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Lakin bu qərar 6 ildən çoxdur ki, icra olunmur. Döymədiyimiz qapı qalmamışdır.

Maliyyə Nazirliyinə Prezident administrasiyası tərəfindən qərarın icrası ilə bağlı məktublar da göndərilmişdir, lakin bunun da nəticəsi olmamışdır.Maliyyə Nazirliyi qarşısında bu qanunsuzluğa etiraz olaraq piket keçirtmək istəsəm də Bakı şəhər İcra hakimiyyəti buna icazə verməmişdir. Mən icazəsiz piket keçirtməyəcəm. Lakin hüquqlarımı necə qoruyacağımı bilmirəm. Çünki məmurlar rəsmən qanunları pozurlar. Sizdən xahiş edirəm bu işi nəzarətinizə götürəsiniz".