Hüquqşünas Emin Aslanovun oğurlandığı deyilir

Hüquqşünas Emin Aslanovun oğurlandığı deyilir

05-06-2018 11:34 / Bu xəbər 866 dəfə oxundu

Yaxınları onun yerini müəyyənləşdirə bilmirlər

ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunu Emin Aslanov iyunun 4-də saat 17 radələrində "Park-Bilvar”ın qarşısından naməlum istiqamətə aparılıb.

Yaxınlarının sözlərinə görə, onu 3 mülki şəxs "90 XG 017” nömrə nişanlı avtomobilə mindiriblər.

Hadisədən 30 dəqiqə sonra yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin Meydan TV-yə verdiyi məlumata görə, həmin mülki şəxslər Emin Aslanova özlərini təqdim etməyiblər:

"Qəribədir ki, ərazidə kameralar quraşdırılıb, Emin Aslanovun tapılması niyə müşkilə çevrilib, anlaşılmır. Ötən 2 saatdan çox müddətdə 102 xidmətinə müraciətimizə reaksiya yoxdur. Öyrəndik ki, 39-cu polis bölməsində məsələni araşdırırlar. Sonra 9, 22 saylı polis bölmələrində, Bakı Şəhər Baş Polis İdarəsində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduq. Təəssüf ki, cəhdlərimizə baxmayaraq, Emin Aslanovun hara aparıldığı, yaxud oğurlandığı haqda məlumat ala bilmirik. Artıq Emin Aslanovun nişanlısı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət edib”.

Yaxınları vəkil Elçin Sadıqovla müqavilə bağlayıblar. Lakin A.Məmmədlinin sözlərinə görə, hələlik Emin Aslanovun yeri bilinmədiyindən hansı addım atılacağı da məlum deyil.

Emin Aslanov bir sıra təşkilatlarda hüquqşünas kimi çalışıb. O, həm də Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərin hazırlanmasında iştirak etmiş şəxsdi. Gənc hüquqşünas 4 gün öncə ABŞ-da təhsilini başa vuraraq Azərbaycana dönüb.