Hüquqşünas pambıq yığan könüllülərdən yazdı: "Konstitusiyanın pozulmasıdır"

Hüquqşünas pambıq yığan könüllülərdən yazdı:

17-10-2016 00:12 / Bu xəbər 1927 dəfə oxundu

Vəkil Cavad Cavadlı

Pambıq tarlalarında könüllü adı ilə vətəndaşların işə cəlb edilməsi tamamilə qanunsuzdur və bunu edən təşkilatlar Milli Məclisin qəbul etdiyi və Prezidentin imzaladığı "Könüllü fəaliyyəti haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar.

Son vaxtlar mətbuatda və xüsusən sosial şəbəkələrdə Azərbaycanda pambıq yığımında könüllülərin geniş cəlb olunması barədə məlumatlar yayılır. Sosial şəbəkələrdə "ASAN” Xidmətin işçilərinin, hansısa Xəstəxananın həkimlərinin, məktəb müəllimlərinin və digərlərinin könüllü olaraq tarlalarda bəh-bəhlə pambıq yığımına cəlb olunması bildirilir.

Könüllü olaraq şəxslərin işə cəlb edilməsi 9 iyun 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Lakin Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirmişdir və bunlar: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;insanpərvərliyin və dözümlülüyün təbliği;istehlakçıların hüquqlarının qorunması;hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi;tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Eyni zamanda Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.

Yəni bu o deməkdir ki, hansısa kommersiya hüquqi şəxsin "XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil və bu mümkün olsa idi belə işçi çatışmamazlığı üzündən könüllürərin işə cəlb edilməsi isə birbaşa qanunla qadağandır. Açıq-aşkardır ki, "könüllülərin" işə cəlb edilməsi məhz işçi çatışmamazlığı ilə bağlıdır.
Bütün bunlardan əlavə könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı və onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir.

Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət "Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir.

Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır.

Arqument.Az