Hüquqşünas: "Qanunların dili açıq olmalıdır"

Hüquqşünas:

17-04-2018 20:02 / Bu xəbər 7417 dəfə oxundu

Arqument.Az-ın "Bizim ekspert" rubrikasının 13-cü buraxılışında Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamədə əksini tapan və müzakirəyə səbəb olan müddəalardan danışdıq.

Qonağımız hüquqşünas Sübhan Həsənlidir.

- Sübhan bəy, Kollegiyanın Əsasnaməsibdə əksini tapan və müzakirəyə səbəb olan müddəalardan biri də budur ki, vəkil cinayət işi üzrə istintaq sirri təşkil edən və qapalı iclaslarda keçirilən məlumatları ictimailəşdirməməlidir. Söhbət hansı məlumatlardan gedir?

- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində istintaq sirrinin nə olması barədə konkret müddəa görmürük. O səbəbdən də Əsasnamədəki bu müddəa, fikrimcə, bir az abstraktdır. Həmçinin qanunvericiliyin dili ilə yazılış dili hardasa uyğun gəlməyən maddədir. Çünki ibtidai istintaq zamanı barəsində ibtidai araşdırma aparılan şəxsin hərəkətləri istintaq sirri kimi nəzərədə tutulur. Lakin bu hərəkətlərdən hansılar istintaq sirridir, hansılar deyil, bunun dairəsi, həddi Cinayət Prosessual Məcəlləsində tam dolğun və anlaşıla bilən şəkildə təsbit olunmayıb. Bu məcəllədə 98 və 200-cü maddələr, hətta 201-ci maddə sirləri qoruyur. Bunu da "Dövlət sirri haqqında" Qanunu tənzimləyir. Lakin problem ondan ibarətdir ki, vəkilin müdafiə etdiyi şəxs barəsində ona məlumat verilərkən qol çəkdiyi aktda imzaladığı sirlər istintaq sirri kimi təqdim olunur. 

Bu sirrin həddi və həcmi nədir, bax bu barədə qanunvericilikdə əsaslı bir müddəa yoxdur. O səbəbdən də Vəkillər Kollegiyasının bu müddəası, fikrimcə, çox da dolğun ifadə olunmayıb və müəyyən yanlış anlaşılmalara, bu yanlış anlaşılmalardan doğan, əsasnamədə də qeyd olunan intizam icraatına gətirib çıxara bilər. İntizam icraatı nəticəsində də vəkillərə sanksiya tətbiq olunur, çıxarılma, fəaliyyəti dayandırma, töhmət, xəbərdarlıq və s. Ona görə də  vəkilin hansı sirləri ictimiləşdirməməsi konkret olaraq, Əsasnamədə yazılmalıdır və yaxud da Milli Məclis Cinayət Prosessual Məcəlləsinə yeni dəyişikliklər etməli, burada istintaq sirrinin konkret dairəsi və həcmi müəyyən olunmalıdır. Bu, müəyyən olunduqdan sonra, əlbəttə ki, əsasnamədə yazılan maddə keçərli olacaq və vəkillər artıq nəyə riayət etməli olduqlarını biləcəklər.

- Deyirsiniz, istintaq sirri anlayışı ümumiyyətlə mücərrəddir və qanunvericilikdə bunun həddi müəyyənləşməyib. Amma çox vaxt istintaqa çağırılan şəxslər "istintaq sirridir" deyə məlumatları ictimailəşdirməkdən çəkinirlər...

- Təcrübədə belə faktlar var və bəzi vəkillər hətta həmin akta qol çəkəndə qeyd yazırlar ki, istintaq sirrinin həcmi və həddi barədə məlumatlandırılmamışam. Bu qeyd kifayət qədər doğru yanaşmadır. Çünki onlar sabah onların hər hansı bir açıqlaması həm kollegiya, həm də ki, istintaq aparan şəxslər tərəfindən istintaq sirrinin yayılması kimi dəyərləndirə bilər. Ona görə də qeyd yazırlar, ancaq ümumiyyətlə, heç qol çəkməyən hüquqşünaslar da olur. Cinayət Məcəlləsinə görə, qanunla müəyyən edilmiş formada, ibtidai araşdırma fəaliyyəti nəticəsində əldə olunan məlumatlar hüquqşünaslar tərəfindən istintaq sirri kimi qəbul olunur. Amma konkret olaraq, istintaq sirri sözü mahiyyətcə Cinayət Prosessual Məcəlləsində yer almayıb. O səbəbdən də hüquqşünaslar, adətən, istintaq sirrini 198 və 201-ci maddələrdə qeyd olunan ailə, kommersiya və dövlət sirri kimi şərh edirlər. Digərlərini isə vəkil ictimailəşdirə bilər. Amma hər bir halda istintaq sirrinin nə olub-olmadığını ibtidai araşdırmanı aparan şəxsin öz mülahizəsinə buraxılıblar. Faktiki olaraq, müstəntiqin, təhqiqatçının və başqalarının mülahizəsinə buraxılan bir sirrin Vəkillər Kollegiyasının Əsanaməsində vəkilin üzərinə yük kimi qoyulmasını praktiki olaraq görməmişik. Amma bundan sonra bu müddəa praktikada vəkillər üzərində çətinliklər yarada bilər, onların öz peşə fəaliyyətinin həyata keçirilməsində müəyyən əngəllər yarada bilər. Yaxşı olardı ki, Kollegiya vəkillərə qarşı olunan bu tip "hücumların” qarşısını alsın. Ümid edirəm ki, Vəkillər Kollegiyası bu barədə yenidən düşünəcək. Ora hətta istintaq sirrinin nələrdən ibarət olması və ya heç olmasa 198 və 201-ci maddələrdə təsbit olunduğu qeyd oluna bilər. 

- İstintaq tərəfi bundan sui-istifadə edərək vəkilə hər hansı bir təzyiq göstərə bilər ki, o, müvəkkili haqqında cəmiyyəti ətraflı və dolğun məlumatlandıra bilməsin?

- Mümkündür. Belə hallar ola bilər...

- Digər bir müddəa ondan ibarətdir ki, vəkil həmkarını tənqid edə bilməz, onu ictimai qınağa çəkə bilməz... 

- Düşünürəm ki, tənqid hər bir halda şəxsin ifadə azadlığıdır. Hər bir şəxs özünü ifadə edərkən digərini tənqid də edə bilər, təbii ki, təhqir olmamaq şərti ilə. Bu, ümumiyyətlə, konvensiyalarla, hətta bizim konstitusiyamızla müəyyən olunmuş bir normadır. Vəkillər Kollegiyasının Əsasnaməsində vəkil üçün konkret qadağanedici norma olmasa da, deyir ki, tənqid etməkdən çəkinməlidir. Yəni buna tövsiyə də deyə bilərik, deməyə də bilərik. Çünki həmin maddələr vəkillər üzərində intizam məsuliyyətinə səbəb olur. Məsələn, bizim cinayət məcəlləsində prezidentin şərəf və ləqayətinin qorunması ilə bağlı müddəa var. Amma onun apardığı siyasət tənqid oluna bilər. Dövlət başçısına tənqidi tanıyan bir Cinayət Məcəlləsi düşünürəm ki, vəkilə də bu hüququ tanımalıdır. Demirəm ki, Əsasnamə tənqidə qadağa qoyur, amma dairələr müəyyənləşdirilməlidir, ümumiləşdirici cümlələrlə əsasnamənin yazılması gələcəkdə bir sıra problemlərə gətirib çıxara bilər. Düşünürəm ki, müəyyən dəyişikliklər olmalıdır. 

- Müzakirələrdə belə fikirlər də səslənirdi ki, indiyə qədər Vəkillər Kollegiyasının işlək bir Əsasnaməsi, saytı olmayıb. Ona görə də bunu təqdir edənlər də var. Siz nə düşünürsüz?

- Əsasnamə əvvəlki dövrlərdə də var idi, sadəcə, konfransda müəyyən dəyişikliklər olundu. Vəkillər Kollegiyasının əvvəlki dövrdə fəliyyəti ilə indiki dövrdə olan fəaliyyəti bir qədər fərqlənir. Saytda müəyyən işlər olunub, insanlar o saytda online sual verib cavablarını alırlar və s. Bu kimi müsbət hallar da var. Vəkillər Kollegiyası bu mənada imicini düzəltməyə çalışır. Digər tərəfdən imthanalarda 600-dən çox insan 2-ci tura qəbul olundu və mərhələli şəkildə imtahandan keçdilər. 100 nəfərdən 86 nəfər qəbul olunub və vəkillər kollegiyası da növbəti imtahanları keçirməyə hazırlaşır. Bu səbəbdən vəkillərin sayının çoxalmasına ehtiyac var. Məncə, bu 600 nəfərin özü də azlıq təşkil edir, daha çox vəkil qəbul olunmalıdır və Vəkillər Kollegiyası bunun üçün şərait yaratmalıdır. Çünki mövcud vəziyyətdə bildiyimiz kimi, məhkəmələr işlərin altından çıxa bilmirlər. Vəkillərə xüsusi ehtiyac var. Konstitusiyada da qeyd olunduğu kimi insanların hüquqi yardım almaq hüququ var. Onlar keyfiyyətli hüquqi yardım almalıdırlar. Bunu təmin eləmək də Vəkillər Kollegiyasının borcudur. Xüsusən də prezidentin fərmanı ilə vəkillərin cinayət işlərinə dövlət hesabına çıxması onların da təbliğatında müəyyən rol oynadı. Bu baxımdan dəyərləndirsək, müsbət irəliləyişlər də var.

- Mövzu Kollegiyanın fəaliyyətinə keçmişkən, 80-dən çox şəxs vəkilliyə qəbul olundu. Azərbaycanda təkcə bank sektorunda 300 mindən çox məhkəmə işi var. 300 min məhkəmə işi üçün min vəkilin olması az deyilmi? 

- Əlbəttə, azdır. Türkiyədə bildiyim qədəri ilə 60 min vəkil var. Amma mövcud şəraitdə məsələn vəkillər hakimlərdən çoxdur. Nəzərə alsaq ki, işlərə təkcə vəkillər yox, hakimlər də lazımdır. Hesab edirəm ki, vəkillər də artırılmalıdır, üstəlik hakimlər, çünki onlar çox ağır stress altında işləyirlər, işlərini çatdıra bilmirlər, bəzən 10 günə alınmalı olan qətnamələr aylarla alına bilmir. O səbəbdən vəkillərin sayı artırılmalıdır. Bu 600 nəfərin hamısı vəkillər kollegiyasına qəbul olunsa belə, dərhal yeni imtahanlar keçirilməli və yeni qəbul aparmaq şərtdir. Çünki yeni qəbulla vəkillərin sayı hətta mən deyərdim ki, 5000 civarında olarsa, o zaman biz keyfiyyətli hüquqi yardımdan danışa bilərik. İndiki halda vəkillər tələsirlər, işlər gecikir, hakimlər də azdır, hakimlər qərarları gec verir və proses uzanır. Vətəndaşların pulu, stressi, bunların hamısı üst-üstə gəlir və bunlar bütövlükdə məhkəmələrə qarşı inamsızlıq və aqressiya yarada bilər. Vəkillər öz sahəsində, hakimlər öz sahəsində, hətta prokurorlar da öz sahəsində davamlı olaraq kadrların artırılmasına çalışmalıdırlar.

- Əsasnamədə nələri görmək istərdiniz?

- Əsasnamə Avropa Vəkillər kollegiyasının etik kodeksi nəzərə alınaraq hazırlanıb. Amma əsasnamədə bu maddələrin daha detallaşdırılmış formada qeyd olunmasını istərdim. Yəni normativ hüquqi aktlar haqqında qanun da var. Bu tip bir əsasnamə ümumi sözlərdən ibarət olmamalıdır. Ümumiləşdirici olanda sui-istifadə hallarına yol açır. Düşünürəm ki, ümumiləşdirici sözlərdən qaçmalıdırlar və sənəd daha konkret olunmalıdır. Yəni vəkillər və ictimaiyyət o əsasnaməni oxuyanda başa düşsün ki, burada vəkillik nüfuzunu aşağı salan hərəkətlər nədir və s. Qanunların dili açıq olmalıdır. 

Arqument.Az