Hüquqşünas: “Vəkillər Kollegiyasının qərarı ifadə azadlığına ziddir”

Hüquqşünas: “Vəkillər Kollegiyasının qərarı ifadə azadlığına ziddir”

16-09-2019 18:54 / Bu xəbər 857 dəfə oxundu

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən toplantısında vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il dayandırılıb.

Əvvəlcə xəbər haqqında Vəkillər Kollegiyası (VK) tərəfindən rəsmi olaraq məlumat verilməyib. 

Daha sonra Adil İsmayılov barəsində şikayət edən vəkil Sahil Quliyev feysbuk üzərindən VK-nin qərarını yayıb. 

Məsələ ilə bağlı Toplum Tv-yə danışan Adil İsmayılov VK sədri Anar Bağırovun  mövqeyini gözlədiyini deyib: "Artıq Sahil Quliyev bu haqda bəyanat yayıb. Amma VK sədri çıxsın desin ki, niyə görə belə edib? Anar Bağırovun indi Türkiyədə olduğu deyilir. Yəqin ki, qısa vaxtda qayıdacaq. Əgər o, Bakıya gəldikdən sonra məsələ ilə bağlı danışmasa, ondan sonra mən danışacağam. Erkin Qədirli demişkən, tələsən yerimiz yoxdur”. 

Vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi  kollegiyanın üzvü Sahil Quliyevin şikayəti göstərilib. 

İddiaya görə, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun onu təhqir etdiyini göstərib. 

Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də, buna məhəl qoyulmayıb.

Hüquqşunas Ələsgər Məmmədli Toplum Tv-nin sualarını cavablandırarkən, məsələni ifadə azadlığının pozuntusu kimi qiymətləndirib:
"Vəkillər Kollegiyasının əsasnaməsində belə bir imkan var ki, guya vəkil vəkili tənqid edə bilməz. Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bu, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir. Ayrıca, bizim Konstitusiyamızın 47-ci maddəsində göstərilir ki, hər kəsin özünü ifadə etmək hüququ var. Belə bir müddəanın Vəkillər Kollegiyasının sənədində olması qurumun antidemokratik bir struktur olmasının göstəricisidir. Orada açıq şəkildə yazılır ki, "tənqid edə bilməz”. "Tənqid edə bilməz” ifadəsini öz sənədinə yazan bir vəkillik institutu başqalarının hüquqlarını qoruyarkən nəyə istinad edəcək?” 

Hüquqşunas məsələnin çox gülünc olduğunu deyib: "Adil İsmayılovu o şəxs şikayət edib ki, həmin şəxs daha öncə işgəncəyə məruz qalaraq cinayəti boynuna götürmüş birini müdafiə edib. Müvəkkilinə "izahat sonrasında baxarıq” deyib. Daha sonra Adil İsmayılov həmin şəxsin işini götürüb və günahsız olduğunu sübut edib. Həmin şəxs məhkəmədən azadlığa çıxıb. Belə bir vəkilə bütün keyfiyyətsiz kriteryalar göstərilə bilər. Bu kriteriyalar onun başqalarının əmrini qorxaqcasına icra etməsi və ya köləlik ola bilər. Bu, əslində həmin əmələ verilən qiymətdir, həmin şəxsin şəxsiyyətinə yönəlik deyil”.

Ələsgər Məmmədli qeyd edir ki, şəxsi hüquqlar qanuna görə ancaq məhkəmə qaydasında müdafiə olunur: "Yəni şərəf və ləyaqətin qorunması üçün yeganə yer məhkəmədir. Şəxs əgər düşünürsə ki, Adil İsmayılov  onu təhqir edib, o zaman onu məhkəməyə verməli idi. Xüsusi ittiham qaydasında və ya reputasiyasına zərər gəldiyini düşünürsə, Mülki Məcəllənin 23-cü maddəsi ilə məhkəməyə verməli idi. Bu hal olmadan VK özü təqsirsizlik prezumpsiyası hüququnu ciddi şəkildə pozub. Konstitusiyanın 63-cü maddəsi deyir ki, məhkəmə qərarı olmadan heç kimsə təqsirli elan oluna bilməz. Amma konkret olaraq Adil İsmayılov heç bir məhkəmə qərarı olmadan şəxsi təhqir etdiyinə dair iddia ilə cəmiyyətə təqdim olunub. Baş verən hadisə birmənalı olaraq Adil İsmayılovun təqib olunmasıdır. VK ciddi şəkildə xətaya yol verib.  Adil İsmayılov tez bir zamanda VK-ya bərpa olunmalıdır”.

Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə Vəkillər Kollegiyasını tənqib edib. Həmçinin o, Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovla bağlı bir neçə tənqidi yazı yazıb. Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırlımasının həmin yazılara görə olduğu deyilir.

Uğur Fərzəli