Hüquqşünasdan Nəciməddin Sadıqova: "Tarixdə elə bir dəhşətli fakt ola bilməz ki..."

Hüquqşünasdan Nəciməddin Sadıqova:

30-10-2019 16:54 / Bu xəbər 2123 dəfə oxundu

Sosial Ədalət Partiyasının (SƏP) sədri, sabiq deputat, hüquqşünas Mətləb Mütəllimli də Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini, Baş Qərargahın rəisi Nəciməddin Sadıqovun 26 il eyni vəzifədə çalışmasına etiraz edib.

Bu barədə Mətləb Mütəllimli feysbuk hesabında yazıb. 

"Tarixdə elə bir dəhşətli fakt ola bilməz ki, Nəcməddin Sadıqov kimi, 26 il Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini, Baş Qərargahın rəisi olasan, eyni zamanda başqa ölkənin - torpaqlarımızın işğalında müstəsna xidmətləri olmuş Rusiyada Milli Qəhrəman adını daşıyasan", - o bildirib.

Bir neçə gün öncə hüquq müdafiəçisi, jurnalist Samir Kazımlı Azərbaycan Silahlı qüvvvələrinin baş qərargah rəisi Nəciməddin Sadıqovu istefaya çağırıb. 

Bu barədə Kazımlı feysbuk hesabında yazıb.

O bildirib ki, Sadıqov orduya ziyan vuran genarallardandır: "İşdən çıxarılmalı əsas şəxslərdən biri də Nəciməddin Sadıkovdur. Orduya ən çox ziyan vuranlardandır o", - hüquq müdafiəçisi bildirib. 

Nəcməddin Hüseyn oğlu Sadıqov 1956-cı ildə Dərbənd şəhərində anadan olub.

1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib.  

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 

1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib. 

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. 

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib. 

26 ildir ki, Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini icra edir.