Hövsan sakinləri: "Azərsu" yalan deyir, Hövsanda su yoxdur"

Hövsan sakinləri:

24-08-2019 14:35 / Bu xəbər 1198 dəfə oxundu

Ötən gün axşam saatlarından Hövsan qəsəbəsinin bir hissəsinin içməli su ilə təchizatı dayandırılıb.

Belə ki, Suraxanı rayonu, İlqar Əhlimanov və Elçin Məmmədov küçələri istiqamətində içməli su verilişində tez-tez məhdudiyyətlər olur.

Vətəndaşlar bildiriblər ki, isti yay günlərində xəbərdarlıq etmədən su təchizatı dayandırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vətəndaşların şikayətinə aydınlıq gətirib.

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, hazırda Hövsan qəsəbəsindən keçən magistral kəmərdə təmir işləri gedir: "Gecə saatlarında Hövsan qəsəbəsindəki magistral kəmərdə işlər aparılıb. Qəsəbənin su problemini həll etmək məqsədilə mərhələli şəkildə işlər görülür".

A.Cəbrayıllı qeyd edib ki, içməli suyun verilişinin günlərlə kəsilməsi barədə deyilənlər əsassızdır:

"Sadəcə olaraq günün müəyyən saatlarında qəsəbənin bir hissəsində suyun təzyiqi azaldılıb və içməli suyun verilişində fasilələr yaranıb. Havaların isti olmasından dolayı vətəndaşları başa düşürük.

Qəsəbənin bir hissəsində suyun verilişində problem yoxdur. Fasilə yaranan hissələrdə isə iki-üç saat ərzində içməli suyun verilişi bərpa ediləcək".

Elçin Məmmədov küçəsində yaşayan sakinlər isə Arqument.Az-a açıqlamalarında Anar Cəbrayıllını yalan danışmaqda ittiham ediblər. Onlar bildiriblər ki, Hövsanda su iki gün ərzində tamamilə dayandırılıb: "Ötən gecə "Qaynar xətt"lə əlaqə saxladıq. Dedilər ki, bir neçə saata su veriləcək. Bu gün səhər yenidən danışdıq, dedilər ki, axşam saatlarına qədər bərpa oluna bilər. "Azərsu" ictimaiyyəti aldadır, yalan deyir, Hövsanda ümumiyyətlə su yoxdur. Biz dəfələrlə prezidentə müraciət etmişik. "Azərsu" və Qorxmaz Hüseynovun fəaliyyəti qanedici olmadığı üçün araşdırılmalıdır".