İbrahim Ləmbəranskinin həyat yoldaşı deputat oldu

İbrahim Ləmbəranskinin həyat yoldaşı deputat oldu

12-02-2020 12:14 / Bu xəbər 3101 dəfə oxundu

Prokurorun adı daha çox işgəncə faktlarında hallanır

Fevralın 9-da keçirilən parlament seçkilərində ilk dəfə deputat olanlardan biri də Əminə Ağazadədir. 

O, 57 saylı Kürdəmir Seçki Dairəsindən bitərəf namizəd kimi qalib elan olunub.

Meydan TV-nin Ə.Ağazadə haqqında əldə etdiyi məlumata görə, o, Pirallahı rayonunun prokuroru İbrahim Ləmbəranskinin həyat yoldaşıdır. 

İ.Ləmbəranski bu vəzifədən əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi olub. 

Azərbaycan ictimai-siyasi kəsiminə onun adı da həmin dövrdə bəlli olub. 

İ.Ləmbəranski bir sıra ictimai-siyasi fəalların həbsilə bağlı cinayət işlərinin istintaqına rəhbərlik edib. Məsələn, NİDA-çıların işi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun işi, "Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun işi, Qubadakı etirazlar zamanı həbs olunanların işi...

İ.Ləmbəranskinin adı adamların sifarişli həbsi, saxta cinayət işilərilə yanaşı, həm də işgəncədə hallanırdı. Həbs olunanlar onlara verilən işgəncənin İ.Ləmbəranskinin göstərişilə, onlardan yalan ifadə almaq məqsədilə həyata keçirildiyini bildirirdilər.

O, 2016-cı ilin martında Pirallahıya prokuror təyin edildi.

Həyat yoldaşı Ə.Ağazadəyə gəlincə, Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, o da prokurorluq sistemində çalışıb.

"Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror-metodist işləyib”, - deyə mənbə bildirib.

Meydan TV Ə.Ağazadə ilə əlaqə saxlaya bilməyib. Respublika Prokurorluğunun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. 

Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.