İcra başçısı 150 min alıb, Qurbanov isə ölümlə hədələyir...

İcra başçısı 150 min alıb, Qurbanov isə ölümlə hədələyir...

23-05-2016 00:03 / Bu xəbər 1311 dəfə oxundu

Kəlbəcərli məcburi köçkün təhdid olunur.

Əli Bayramov Aslan oğlu "Azərbaycan Dəmir Yolları" QSC sədri, deputat Cavid Qurbanovun qəzəbinə tuş gəlib. Məcburi köçkünün "Hürriyyət”də müraciəti dərc olunduqdan sonra ölümlə hədələnib.

Onun sözlərinə görə, Kəlbəcərin icra başçısı Aqil Məmmədov onun 150 min manatını mənimsəyib. Ə.Bayramov deyib ki, oğlunu işə düzəltmək adı ilə icra başçısı bu pulu alıb. Amma vədinə əməl etməyib və pulu da geri qaytarmayıb. Hətta Ə.Bayramova hədə-qorxu gəlib və ona pul vermədiyini söyləyib.


O, dəfələrlə ölkə başçısına və bütün rəsmi qurumlara müraciət edib. İki ilə yaxındır onun şikayətinə baxılmır. Şikayətçi bildirib: "Çünki Cavid Qurbanov bu işə baxılmasına imkan vermir. Adamı, pulu var. Tapşırır ki, şikayətimə baxılmasın. Axı biz də bu ölkənin vətəndaşıyıq. Bu ölkədə şikayətimizə baxılmırsa, bəs hara müraciət edək?!...”.

Bu müraciətin ictimailəşməsindən sonra C.Qurbanov narahat olub. QSC sədri adamlarından Ə.Bayramova təhdid mesajı ünvanlayıb. Deputatın adamları oğlu Qalib Bayramovu həbslə, öldürməklə hədələyib.


Şikayətçi yazır: "Cənab prezident!

Cavid Qurbanov məni və oğlumu həbs etdirməklə, öldürtdürməklə hədələyir. O deyir ki, Azərbaycanda istədiyi adamı öldürtdürmək, həbs etdirmək onun üçün çox asandır. Hətta etiraf edir ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovu da, sözünə baxmadığı üçün o, həbs etdirib. Sizdən xahiş edirəm ki, Cavid Qurbanov, məni və ailə üzvlərimi həbs etdirməsin, öldürtdürməsin deyə, təhlükəsizliyimizin təmin edilməsinə göstəriş verəsiniz”.(TİA.az)