İcra başçısı Fironlar vadisinə gedir?

İcra başçısı Fironlar vadisinə gedir?

10-01-2018 01:15 / Bu xəbər 299 dəfə oxundu

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev istirahətə Misirə gedəcək. 

Bu barədə Qlobal.az-a rayondakı mənbələr məlumat verib. 

Məlumata görə, icra başçısı dekabr ayının 29-dan məzuniyyətinə çıxıb. İlk baxışdan adi görünən xəbərin maraqlı tərəfi odur ki, icra başçısı budəfəki məzuniyyətini Azərbaycanda yox, Aralıq və Qırmızı dənizin sahilində yerləşən Misirdə keçirəcək.
 
Məlumata görə, Vaqif Abdullayev artıq Misir səfərinə hazırlaşmağa başlayıb. Onun hətta Misir ehramlarına da baş çəkəcəyi iddia olunur.
 
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev tarixi abidələrin çox olduğu şəhərlərə səfər etməyi xoşlayan şəxs kimi xarakterizə olunur. Onun bu məqsədlə son illər hər məzuniyyət dövründə dünyanın zəngin mədəni və tarixi məkanlarına getdiyi deyilir. Belə ki, öncəki illərdə icra başçısının qardaş Türkiyə, İngiltərə və Faroe Adalarına səfər etdiyi deyilir.
 
Məlumatda daha sonra qeyd olunur ki, Vaqif Abdullayev Misirə səfər etməsini çoxdan planlaşdırmağına baxmayaraq, orada qeyri-sabitliyə, xaosa görə, bu plan hər il təxirə salınırmış. Ancaq son bir-iki ildə Misirdə ictimai-siyasi vəziyyətin müsbətə doğru dəyişməsi nəhayət ki, icra başçısının arzusunun reallaşmasına səbəb olub. 

Vaqif Abdullayevin Misir səfəri ilə bağlı əldə etdiyimiz digər məlumat isə olduqca ilgincdir. Məlumatda icra başçısının Misir səfərinin maliyyə tərəfini tikinti sektorunda çalışan biznesmen dostunun hesabına həll olunduğu deyilir. Hətta Vaqif Abdullayevin Misirə həmin iş adamı ilə birgə gedəcəyi vurğulanır. 

O da qeyd olunur ki, biznesmenlə icra başçısının səfər trayektoriyası ilk olaraq eramızdan əvvəl 1332-1323 illərdə Misirə hökmranlıq etmiş Tutankamonun məzarı yerləşən Fironlar (Krallar) vadisinə, daha sonra Misirin ən böyük piramidalarından olan Xeopsa olacaq. Bundan sonra isə turistik səfərin "Şarm Əl-Şeyx"də yekunlaşacağı deyilir.

Xəbəri dəqiqləşdirmək üçün Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovla əlaqə saxladıq. Telman Məstanov Vaqif Abdullayevin Misirə dedəcəyi ilə bağlı yayılan xəbərin həqiqəti əks etdirmədiyini söyləyib.