İcra başçısı Novruz bayramı üçün toplanılan pulu hara xərcləyib?

İcra başçısı Novruz bayramı üçün toplanılan pulu hara xərcləyib?

21-03-2017 23:55 / Bu xəbər 2298 dəfə oxundu

"Bayram süfrəsi sadə vətəndaşlar üçün yox, rəhbərlik üçün idi”

Bərdədə bayram adı altında bələdiyyələrdən pul yığılıb. 

Bu haqda "Basta”ya yerli sakinlərdən biri məlumat verib.

"Bərdədə olan 36 icra nümayəndəsininin hər birindən 50 manat pul alıblar. Rayonda 67 bələdiyə var. Bundan başqa icra nümayəndələrinə bayrama görə "konvertdə” veriən əlavə 260 manatın 200 manatını da alıblar. Pulun yığılması icra hakimiyyətinin Bəxtiyar adlı işçisinə tapşırılıb. Ehtimal olunur ki, bu tapşırığı rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev verib”, – mənbə bildirir.

Bərdə İcra hakimiyyətinin rəsmi saytında yayılan məlumatda bildirilir ki, martın 17-də rayonun mərkəzi meydanında Novruz bayramı şənliyi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, icra hakimyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri iştirak edib.

Mənbəmiz isə bildirir ki, martın 17-si rəsmən iş günü olsa da, bayram mərasiminə görə həmin gün nə məktəblər, nə də idarə və müəssisələr işləyib.

"Uşaqları məktəblərdən ayırıb icra başçısının qarşısında rəqs etməyə, mahnı oxumağa məcbur etdilər. Meydanda süfrə də açmışdılar. Amma bu süfrə sadə vətəndaşlar üçün yox, rəhbərlik üçün idi. Süfrənin xərcini də ayrıca obyekt rəhbərlərinə ödətmişdilər. Bayram adı ilə İcra Hakimiyyətinin yığdığı pulların hara xərcləndiyini bilən yoxdur” – mənbə bildirir. 

Rayon icra hakimiyyətinin yaydığı məlumatda da bildirilir ki, icra başçısı bayram tədbirində "milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur”.

Bastainfo.com