"İcra başçısının müavini olmaqdan ötrü 20 min manat vermişəm"

15-11-2019 09:02 / Bu xəbər 655 dəfə oxundu

Fizika müəllimi olan 61-yaşlı Əlixan Abdiyev dəmir barmaqlıqlar arxasındadır. 

O, adamları aldadıb, pullarını ələ keçirməkdə suçlanır. 

İddia olunur ki, Ə.Abdiyev özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib, adamları prokurorluğa, ekspertiza mərkəzinə, Təhsil Nazirliyinə işə düzəltmək adıyla aldadıb.

Ə.Abdiyevin aldatdığı iddia olunan adam da hüquqşünasdır - Mobil Həsənzadə. Özünün dediyinə görə, uzun illər məhkəmələrdə adamların hüquqlarını müdafiə edib. Amma Ə.Abdiyevin prokurorluq işçisi olmasına niyə inandığını izah edə bilmir.

«Özümə görə də 20 min manat vermişdim»

Deyir ki, övladının müəlliməsi oğlunu prokurorluğa işə düzəltmək istəyirdi, bundan ötrü adam axtarırdı. O da bu məsələdə vasitəçilik edib: «Oğlu birinci mərhələdən - testdən keçmişdi. Əlixan müəllimlə məni Qəşəm tanış eləmişdi. Qəşəm də Bakıda bina tikintisi ilə məşğul idi. Bir gün görüşdük, həmin vaxt Əlixan müəllim kiməsə zəng eləyib, «cənab general, dostumuzun bir işini həll eləməyə kömək lazımdır» dedi. 15 min pul istədilər, sonra bir neçə dəfəyə 13 min verildi. Oğlan indi prokurorluqda işləyir. Amma məlum oldu ki, ikinci mərhələdən də özü keçib, alınan pulla heç bir addım atılmayıb».

Zərərçəkmiş danışır ki, müəllimə bacısı qızını da Təhsil Nazirliyinə işə düzəltmək istəyirdi. Həm bundan ötrü, daha bir nəfərin isə Ekspertiza Mərkəzinə işə düzəlməsi üçün də Ə.Abdiyevə pul verdiyini söyləyən M.Həsənzadənin sözlərinə görə, aldadıldığını biləndən sonra özü torpaq sahəsini satıb, adamların pullarını qaytarıb.

«Mən özümə görə də 20 min manat vermişdim. Məni icra başçısının müavini təyin etdirəcəyini demişdi», - M.Həsənzadə belə deyir, amma hansı rayonun icra başçısının müavini olacaqdı, bunu açıqlamır.

O bildirir ki, Ə.Abdiyevə pul vmjermək üçün növbəti görüşlərin biri onun «iş yeri»nin - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yanında olub.

«Aldıqlarımın hamısını qaytarmışam»

Dindirmə zamanı aydınlaşıb ki, zərərçəkmiş M.Həsənzadənin özü də 2014-cü ildə dələduzluğa görə məhkum edilib, ona şərti cəza verilib.

Təqsirləndirilən Ə.Abdiyev özünü qismən təqsirli bilir. Deyir ki, pul alıb, amma qarşı tərəfin dediyi qədər yox: «Bir neçə dəfəyə 19 min dollar almışdım. O vaxt müalicəm və başqa problemlərin həllindən ötrü lazım idi. Amma təxminən iki ay sonra aldıqlarımın hamısını qaytarmışam».

Ə.Abdiyev bildirib ki, özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etməsi, icra başçısının müavini təyin etdirmək vədiylə pul alması barədə zərərçəkənin dedikləri yalandır: «Mənim Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işləyib-işləməməyimi dəqiqləşdirmək iki dəqiqəlik iş idi. Özü də hüquqşünasdır. Generala zəng eləmək məsələsini də indi eşidirəm, belə şey olmayıb».

Ancaq o, Təhsil Nazirliyinə, prokurorluğa işə düzəltmək barədə deyilənlərlə razılaşır.

Ə.Abdiyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə məsuliyyətə cəlb olunub. Bu maddədə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.///Azadliq radiosu