İcra Hakimiyyəti ağacların kəsilməsini təkzib edir

İcra Hakimiyyəti ağacların kəsilməsini təkzib edir

20-07-2019 14:45 / Bu xəbər 779 dəfə oxundu

Nizami Rayon İcra Hakimiyyəti Tofiq Abbasov küçəsi 9 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İcra Hakimiyyətindən Arqument.Az-a göndərilən açıqlamada bildirilir ki, sözügedən ərazidə belə bir fakt aşkarlanmayıb: "18 iyul 2019-cu il tarixində kütləvi informasiya vasitələrində işıqlandırılan Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi məlumatı ilə əlaqədar Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti,  Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları birgə sözügedən ərazidə araşdırma aparıblar. Araşdırma zamanı "Orbita-İmperial” MTK tərəfindən dəmir lövhələrlə hasara alınmış ərazidə qanunsuz ağac kəsilməsi faktı aşkar olunmayıb".

"Lakin ərazinin çöl hissəsində 15 iyul 2019-cu il tarixində güclü külək zamanı 1 ədəd tut ağacının kökündən əyilərək qaz xəttinin üzərinə aşması nəticəsində, həmin ağacın aidiyyəti üzrə  Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazidən götürülməsi faktı müəyyən edilib. Kütləvi informasiya vasitələrində gedən Nizami rayonunda tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi barədə məlumat öz təsdiqini tapmayıb", - açıqlamada deyilir. 

İyulun 19-da demokrat.az saytı paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında ağacların kəsilməsi ilə bağlı məlumat yayıb.

Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsinin fotolarını da sayta təqdim ediblər. 

Sakinlər deyb ki, ağaclar kəsilən ərazidə "Orbita-İmperial" MTK şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilir.

"Hər kəsin gözü qarşısında ağaclar kəsilsə də, ancaq nədənsə müvafiq dövlət qurumları və Nizami rayon İcra Hakimiyyəti törədilən qanunsuzluqlara hələ də göz yumurlar", - sakinlər bildiriblər.