İcra hakimiyyəti mitinq keçirmək istəyənlərə Lökbatanı göstərdi

İcra hakimiyyəti mitinq keçirmək istəyənlərə Lökbatanı göstərdi

26-02-2020 18:14 / Bu xəbər 1068 dəfə oxundu

Seçkidə iştirak etmiş partiya və müstəqil namizədlərin mitinq istəyinə cavab verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin 29 fevralda keçirmək istərikləri mitinqlə bağlı müraciətə cavab verib.

BŞİH bu dəfə də Lökbatan qəsəbəsini göstərib: "Müraciətə baxılıb və fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki "Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib”.

Fevralın 24-də ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər. Onlar icra hakimiyyətinə alternativ üçün 8 yer də təklif etmişdi.

Bu yerlərin arasında Lökbatan yox idi.

Fevralın 16-da Müsavat, ReAL partiyaları, "D18” Hərəkatı və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq aksiyanın başlanmasına bir neçə saat qalmış təşkilatçılar saxlanılıb. MSK qarşısına gələn insanlar da saxlanılaraq şəhərdən kənara aparlıblar. Müsavat Partiyasının başqanı Arif Hacılı "Bayraq Meydanı”na, ReAL Partiyasının sədri İlqar Məmmədov Şamaxıya, D18 hərəkatının sədri Ruslan İzzətli Yevlaxa aparılaraq, orada sərbəst buraxılıblar.///meydan.tv