‘’İcra Hakimiyyətindən dedilər ki, prezident gələndə heç kim evdən çıxmasın’’

‘’İcra Hakimiyyətindən dedilər ki, prezident gələndə heç kim evdən çıxmasın’’

20-02-2018 02:15 / Bu xəbər 2207 dəfə oxundu

‘’İcra Hakimiyyətindən dedilər ki, prezident gələndə heç kim evdən çıxmasın’’

Mingəçevirli: "Prezident gələndə həmişəki kimi 5-10 müəllimi, həkimi öyrədib qarşısına çıxaracaqlar”

"Burda ən böyük problem işsizlikdir. İşsizlik pulsuzluq deməkdir, pulsuzluq ailə-məişət problemləri deməkdir. Pulsuzluq bütün bəlaların açarıdır. Bütün ailələrin qənimidir. İnsanın həyatının düzənini pozandır. Cinayətə sürükləyəndir. Dünənə qədər müəyyən işi və məvacibi olan ailə başçısı bu gün evə pərişan qayıdır, işsiz qaldığını elan edir, ailənin yükünü çəkə bilmir, nəticədə öz yükünü çəkib gedir. O ailə dağılır. Mingəçevirdə bu aralar demək olar ki, hər gün ailə dağılır, hardasa uşaqlar yetim qalır, qadınlar ərsiz qalır. Dediyim kimi, hamısının kökündə işsizlik və sosial problemlər dayanır”.

Mingəçevirdə ölkə başçısı İlham Əliyevin bu şəhərə səfərinə hazırlıq işləri gedir. Prezidentin maşın karvanının şütüyəcəyi yollar artıq neçə gündür ki, təmirdən çıxıb və bağlı saxlanılır. Mərkəzdəki binaların üzlükləri təmir olunub. İnzibati binaların ətrafı və parklar gözəlləşdirilib. İaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Bir sözlə, Mingəçevirin küçələri İlham Əliyevi gözləyir. Ancaq deyəsən onu bircə adamlar gözləmir. Ona yaxın düşəcəyinə və ürəyindən keçənləri deyəcəyinə ümidsiz olan sadə adamlar…

Şəhər sakini Hidayət Əsgərov deyir, mingəçevirlilərin ölkə başçısına çoxlu sözü var. Ancaq mağazaları, iaşə obyektlərini gəzən icra hakimiyyəti işçiləri hamını xəbərdar edib ki, ölkə başçısının gəlişi ilə əlaqədar olaraq heç kəs evindən çıxmasın:

"Adamların ona sözü var. Adamlar belə yarımçıq yaşamaqdan bezib. Hamı yaxşı yaşamaq istəyir. Hamı bir parça çörəyin əlində aciz qalıb. Səhər evdən çıxırlar görsünlər, harda günəmuzd da olsa bir iş tapıb, axşam evə çörəklə qayıda bilərlər... Mən də bezmişəm. Üç uşağım var, biri məktəbə gedəndə o biriləri evdə oturur. Bir ayaqqabını növbəylə geyinirlər. Mən uşaqlarıma gözüdolusu ət, meyvə yedirdə bilmirəm. Bir az ağzımı açıb danışanda da deyirlər, dövlətçilik əleyhinə danışırsan. Haqqını tələb etmək dövlətçilik əleyhinə çıxmaq imiş...”

Şikayətçi deyir, sovet vaxtı sənaye şəhəri kimi tanınan Mingəçevgirdə indi Su Elektrik Stansiyasından və İstilik Elektrik Stansiyasından başqa iri müəssisə yoxdur. Xırda ticarət obyektləri isə məmurların və yaxınlarının inhisarındadır: "Az-çox qazanan varsa, o da icrada, orda-burda adamı olanlardır”.

Mingəçevirlilərin prezidentə daha bir sözü bu iri şəhərin yay-qış susuzluqdan əziyyət çəkməsilə bağlıdır.

Şəhər sakini Sədaqət Mirzəyeva deyir, infeksion xəstəliklərə yoluxmamaq üçün içməli suyu pulla alırlar:

"Gürcüstrandan axıb gələn Kürün suyu elə Gürcüstan ərazisindəcə məişət tullantıları ilə çirkləndirilir. Çirkab sular və sənaye müəssisələrindən axıdılan tullantılar Mingəçevir su anbarınadək gəlib yığılır. Ölkə başçısından xahiş edərdik ki, təmizləyici qurğular qoyub suyu təmizləyib şəhəri içməli su ilə təmin etsinlər. Bunun üçün zaman-zaman pullar ayrılsa da, işlər görülməyib. İşsizliyin tüğyan etdiyi şəhərdə suyu da pulla alırıq. Mən su maşınlarına yığılan borclarımı ödəmək üçün gəlinlik qızıllarımı satmışam. Burda çoxlu ailə var ki, su maşınlarına olan borclarını ödəyə bilmirlər deyə, Kürün çirkli suyu ilə dolanırlar. Belə ailələrin xərçəngə və müxtəlif infeksion xəstəliklərə düçar olma ehtimalı yüksəkdir”.

Mingəçevirin mərkəzindən bir az kənardakı məhəllələrdaxili yollar asfaltlanandan sonra bu yaxınlarda "yada” düşüb ki, asfaltın altındakı su-kanalizasiya xətlərini yeniləmək lazım imiş. Bir müddətdir ki, məhəllədaxili yollar yenə qazılıb və bu vəziyyətdə qalıb.

Sədaqət Mirzəyeva deyir, fevralın 1-dən avtobusların marşrut xətləri dəyişdirilib. Səbəb İlham Əliyevin gəlişinə görə yollarda yenilik işlərinin aparılması ilə bağlıdır.

"Adamlar maşını həyətlərin içi ilə sürür. Bütün küçələr bağlıdır. Prezident gələcək, onsuz da həmişəki kimi 5-10 müəllimi, həkimi öyrədib qarşısına çıxaracaqlar, bununla da iş bitəcək. Onsuz da biz yaxın düşüb sözümüzü deyə bilməyəcəyik. Əvəzində bu boyda əhali 20 günə yaxındır yollarda əziyyət çəkir. Evimizə getmək üçün 15 dəqiqəlik yolu dolayı küçələrlə 1 saata gedib çıxırıq. Eyni yollara hər gün zolaqlar çəkilir, yağış yuyub aparır, təzəsini çəkirlər”.

Mingəçevir şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, şəhərdə işsizliyin faizi günbəgün azalır. Mingəçevir qısa müddətdə müasir, təmiz şəhərə çevrilib: "Sizin danışdırdığınız adamlar kimdir, deyə bilmərik, ancaq görünür, bu adamların gözü müasirliyə, gözəlliyə alışmayıb. Şəhərin kommunikasiya xətləri yenilənir, yollar yenilənir, qaz, işıq, su problemi qəti yoxdur. Yalnız yay aylarında cüzi su problemi olur. Şəhər rəhbərliyi işsizliyin minimuma endirilməsinə çalışır”.

Qurumdan bildirilib ki, 2018-ci ilin sonunadək istilik sistemlərinin qurulması, sənaye parkında işlərin davam etməsi, məktəblərdə və uşaq bağçalarında əsaslı-təmir işlərinin aparılması, su-kanalizasiya xətlərinin təmirindən sonra asfalt döşəmələrinin qoyulması, bir sıra yaşayış binalarında dam örtüklərinin dəyişdirilməsi başa çatdırılacaq.