İDİ əlilliyi olan şəxslərlə bağlı araşdırma sənəd hazırlayıb

İDİ əlilliyi olan şəxslərlə bağlı araşdırma sənəd hazırlayıb

19-08-2019 19:19 / Bu xəbər 879 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda əlillliyi olan şəxslərin məşğulluğu ilə bağlı araşdırma sənədi hazırlayıb.

Araşdırmada deyilir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar risk qrupuna daxildir. 

Sənəddə əlilliyi olan şəxslərin problemlərinə toxunulub. Bildirilib ki, tibbi müalicə, gündəlik dolanışıq, təhsil, istirahət, iş, sosiallaşma kimi problemlərlə tək başa çıxmaq əlilliyi olan şəxslərin əksəriyyəti üçün mümkünsüzdür. 

Araşdırmaya görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 620 minə yaxındır. Hazırda əlilliyi olan şəxslərin sadəcə 5 faizi işləyir. 

Bundan başqa, araşdırmada cəmiyyətin əlilliyi olan insanlara qarşı diskriminasiya hallarına da toxunulub: "Bir halda ki birisi əlilliyi olan şəxs gördükdə qulağını çəkir, övladının onunla söhbətinə icazə vermir, onu "kar”, "kor”, "lal”, "dəli”, "anormal”, "şikəst” adlandırır, bu qrupa daxil olan insanların rahat mühitdə yaşaması imkansızlaşır”.
Sənədin hazırlanmasında onlayn araşdırmadan, informasiya sorğusundan və ekspert rəylərindən istifadə edilib. 

Araşdırma sənədinin sonunda problemlərin həllinə yönəlik təkliflər irəli sürülüb. 

1. Əlilliyi olan şəxslərin hüquqlarını pozan şəxslərə qarşı daha sərt cəzaların müəyyən olunması, cərimələrin artırılması.
2. Əlilliyi təsdiq edən sənəddə əmək qabiliyyətli olub olmamasının qeyd edilməməsi
3. Əlillik meyarlarının dəyişdirilməsi prosesinin sürətləndirilməsi.
4. Əlilliyi olan şəxslər işə düzəldikdə işsizliyə görə onlara verilən müavinət saxlanılması (verilməsinin davam etdirilməsi).

toplum.tv