IDI: "Qanun pozuntuları seçkilərin demokratik keçiriləcəyinə şübhələr yaradır"

IDI:

22-01-2020 15:33 / Bu xəbər 1213 dəfə oxundu

"Seçki dairələrinin təşkili ilə bağlı catışmazlıqlar aradan qaldırılmayıb”

Demokratik Təşəbbüslər İnstitutu (IDI) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin ilkin mərhələsinə dair aralıq hesabat yayıb.

Hesabat seçkiöncəsi mühiti, seçkilərə hazırlığı, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini, seçki administrasiyasının fəaliyyətini, təşviqata hazırlığı, şikayət və müraciətlərə baxılması vəziyyətinə dair monitorinqin nəticələrini əhatə edir. Eyni zamanda, sənəddə IDI seçki hüquqlarının pozulmasına səbəb olan amillərin aradan qaldırılması istiqamətində tövsiyələrini verib.

IDI bildirib ki, seckiqabağı dövrdə seçki dairələrinin təşkili ilə bağlı institutun qeydə aldığı catışmazlıqlar aradan qaldırılmayıb. Konkret olaraq, bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində səsverməyə 25 gün qalmışadək seçici siyahıları vurulmayıb. Bəzi seçki dairələri üzrə isə qanunun tələbi üzrə seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə yerləşdirilməyib:

"2010 və 2015-ci il parlament seçkilərilə müqayisədə hazırkı seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində qanun pozuntuları sayca daha az, metod olaraq daha "səssiz” olduğu müşahidə olunub. Bu seçkidə də pozuntular əsasən müxalf siyasi partiyalar və təşkilatlar adından, həmçinin müstəqil formada namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib”.

IDI seçkiöncəsu media mühitinə dair qiymətləndirmədə müsbətə doğru dəyişiklik olmadığını qeyd edib: "Seçkiyə start verildikdən sonra ifadə azadlığı kontekstində bəzi pozuntular baş verib. Həmçinin seçki təşviqatına hazırlıq prosesi iştirak edən tərəflərə münasibətdə bərabər, rəqabətli və əlverişli təşviqat mühitinin yaradılacağının əksinə olaraq ciddi məhdudlaşdırmadan xəbər verir. MSK öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirsə də, namizədliyin irəli sürülməsi və qeydiyyatı mərhələsində rəsmi məlumatların izlənilməsini məhdudlaşdırıb. Ona görə də rəsmi təqdim edilən rəqəmlərin həqiqəti əks etdirməsi şübhəlidir. Seçkilərin ilkin mərhələsində dairə seçki komissiyalarının hərəkət və hərəkətsizliklərindən olunan şikayətlərin əhəmiyyətli hissəsi obyektiv surətdə araşdırılmayıb. MSK-ya daxil olan 37 şikayətdən 24-ü əsassız olması adı ilə təmin edilməyib. IDI hesab edir ki, təmin edilməyən şikayətlər uzrə hərtərəfli şəkildə araşdırılma aparılmayıb. Həmçinin MSK-nın "115 qaynar xətti” seçki zamanı baş verən pozuntu halları ilə bağlı dərhal məlumat vermək və aradan qaldırmaq üçün effektiv olmayıb”.

IDI hesab edir ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə baş verən qanun pozuntuları, təşviqata hazırlığın göstəriciləri 9 fevral 2020-ci il parlament seckilərinin azad, ədalətli və demokratik keçiriləcəyinə əsaslı şübhələr yaradır. Ona görə də yerli və beynəlxalq təşkilatların cağırışlarına diqqət yetirilməli, eyni zamanda ölkədə qarşılıqlı etimad mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi tanınan şəxslər həbsdən azad edilməlidir; Qeydə alınmış qanun pozuntularının araşdırılması istiqamətində müvafiq tədbirlər görülməli, ədalətli, obyektiv və əsaslandırılmış qərarlar verilməlidir. Seçki huququnu pozan bütün şəxslər, xüsusən də bu işlərdə iştirak etmiş dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Seckilərin növbəti mərhələlərində seçki subyektlərinə sərbəst və azad secki mühiti yaradılmalı, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı təmin olunmalı, habelə seçki prosesinə kənar mudaxilələrin qarşısı alınmalıdır”.

Ümumilikdə isə hesabat 12 nəfərlik uzunmüddətli müşahidəçilərin apardığı monitorinqlər və seçkidə iştirak edən müxtəlif tərəflərlərdən toplanmış məlumatlar əsasında hazırlanıb.