İdman jurnalistləri bəyanat yaydı

İdman jurnalistləri bəyanat yaydı

10-08-2015 11:31 / Bu xəbər 2272 dəfə oxundu

Həmkarımızın ölümünü özümüz, gələcək fəaliyyətimiz üçün təhdid olaraq görürük, qatillərin tapılıb, layiqli cəzasını almasını tələb və xahiş edirik!

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia olunan jurnalist Rasim Əliyevin ölüm xəbəri hamımızı sarsıtdı. Mərhum Rasim Əliyevin ölümündə günahkar qismində futbolçu və onun qohumlarının göstərilməsi isə idman jurnalistləri olaraq bizi daha çox əlaqadar edir.

Jurnalistin ölümündə məsuliyyət daşıyanlar hələ tam müəyyənləşməsə də, həmkarımızın faciəsində günahkar qismində "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun adının hallanmasından təəssüf hissi keçirdiyimizi bildiririk.

Biz idman jurnalistləri "Qəbələ" klubunun rəhbərliyindən xahiş edirik ki, həmkarımızın ölümündə Cavid Hüseynovun rolunun olub-olmadığını dərindən araşdırsınlar və bu barədə məlumatı mətbuata çatdırsınlar.

Jurnalistin fikir bildirmək, tənqid etmək haqqı var. Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidi!

Bəli, Cavid Hüseynovu "Apollon"la oyunlardakı bayraq məsələsinə görə qəhrəmana çevirən mətbuat - bizim bəzi həmkarlarımız olmuşdu. Amma bu bəyanatın altında adı olan jurnalistlər bir daha bildirirlər ki, jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun və onun qohumlarının rolu varsa, cəzasını çəkməlidi.

Biz hüquq-mühafizə orqanlarına da müraciət edərək, Rasim Əliyevin ölümündə əli qana batanları tez bir zamanda tapıb üzə çıxarmalarını xahiş edirik.

Həmkarımızın ölümünü özümüz, gələcək fəaliyyətimiz üçün təhdid olaraq görürük, qatillərin tapılıb, layiqli cəzasını almasını tələb və xahiş edirik!

İmza:

Mahir Rüstəmli (F+ qəzetinin baş redaktoru)

Əli Sahib (Fanat.az saytının baş redaktoru)

Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru)

Səxavət Qurbanov (İdmanxeber.com saytının baş redaktoru)

Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru)

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru)

Saleh Arslan (Korner.az saytının baş redaktoru)