İkinci turda Vladimir Zelenski qalib gəldi

İkinci turda Vladimir Zelenski qalib gəldi

22-04-2019 12:28 / Bu xəbər 1218 dəfə oxundu

Ukraynada prezident seçkisinin ikinci turu arxada qalıb.

Aprelin 21-də keçirilmiş səsvermənin ilkin nəticələrinə görə, şoumen Vladimir Zelenski 73,2% səslə dövlət başçısı seçilir. İndiki prezident Pyotr Poroşenko 24,5% səslə kifayətlənir.

1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

Vladimir Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində doğulub. Atası texnika elmləri doktoru, ali məktəb müəllimi, anası evdar qadındır.

Vladimir orta məktəbin birinci sinfini atasının işlədiyi Monqolustanda bitirib, sonra Krivoy Roqda ingilis dili təmayüllü gimnaziyada təhsil alıb.

Orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib, orada şən və hazırcavablar klubu yaradıb, şəhərin analoji klubunda çıxış edib.

Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib.

1997-ci ildə "95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub.

2003-cü ildən Ukraynanın "1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb.

Vladimir Zelenski 2005-ci ildən "İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

Prezident seçkisinə Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb.

2003-cü ildən ailəlidir, bir qızı, bir oğlu var.

Novator.az