İlahiyyatçı azyaşlı ilə evlənməyə icazə verən fətvadan yazdı

İlahiyyatçı azyaşlı ilə evlənməyə icazə verən fətvadan yazdı

07-01-2018 15:51 / Bu xəbər 8419 dəfə oxundu

"Əgər bir kişi südəmər qız uşağı ilə evlənsə, bu evlilik səhihdir”

Bu mövzu barədə bir kəlmə də yazmaq fikrində olmamışam. Ara sıra bəzi şəxslər sosial şəbəkələrdə bu məsələni məqsədli olaraq yayınlayanda da əhəmiyyətsiz olduğunu düşünüb, maraqlanmadan keçmişəm üstündən. Çünki, dinin "d”sını dərk etməyən şəxslər özlərinə aid olmayan məsələ barədə gəvəzələyib, kimlərisə suçlamaqdan "zövq” aldıqlarını nümayiş etdirdiklərini düşünmüşəm. Bu dəfə də son günlərin ən aktual mövzularından biri haqqında klaviaturanı döyəcləməyi qərarlaşdırmışdım. Bir dostumun istehza dolu sualı məni fikrimdən yayındırdı. Qərara gəldim ki, bir neçə saat vaxt sərf edib, kiçik araşdırma aparım.

...və apardım. Əldə etdiyim dəlilləri və nəticəni əziz oxucularımla bölüşürəm.

Bir neçə cümlədən ibarət giriş hissəsini oxuyan kəs nədən danışacağımı təxmin etməmiş deyil. Əvvəlcə inboxuma gələn mesajı təqdim edirəm - Ayətulla Xomeyni, Ət-Təhrirul Vəsilə kitabı 12-ci məqalə! Belə bir kitab var? Fətva; "Arvadla, daimi və ya müvəqqəti nigaha girməkdən asılı olmayaraq 9 yaşının tamam olmağına qədər onunla cinsi əlaqəyə girmək olmaz. Digər həzz alma hərəkətlərinə qaldıqda isə hətta o körpə uşaq olsa belə kişi şəhvətlə ona toxuna, qucaqlaya bilər. Əgər kişi qadınla onun 9 yaşının tamam olmasına qədər bu cür cinsi əlaqəyə girsə və onun bakirəliyini qırmasa, ona heç bir cəza tədbiri görülməz" - Ayətullah Xomeyni, Ət-Təhrirul Vəsilə kitabı 12-ci məqalə!

Bu sual (daha doğrusu ittiham) yəqin ki, çoxlarına tanışdır. Xüsusən İranla bağlı bir məsələ üzə çıxan kimi bu mövzu sosial şəbəkələri "bəzəyir”. Başı çıxan, çıxmayan, dinə dəxli olan, olmayan bunu şiə məzhəbi üçün çox böyük nöqsan olaraq göstərir, hətta şiəliyi dünyanın ən pis məzhəbi kimi təqdim edib, ondan dərhal uzaqlaşmağı tövsiyyə edir. Burda xüsusi qeyd etməliyəm ki, dostum dini mövzu ilə bağlı mənə tez-tez sual ünvanlayır və cavablardan qane olur, düşüncəsindəyəm. Bu sualı da həqiqətin nə olduğunu bilmək məqsədi ilə inboxuma göndərmişdi. Əziz dostumun məsələnin həqiqətini bilmək istəyi həm əvvəlki suallarından, həm də sualı bir başa inboxa göndərməsindən bəllidir. Mən də dostumun səmimiliyini və həqiqəti öyrənmək istəyini nəzərə alıb, məhz bu mövzu ətrafında çox kiçik araşdırma apardım.

Evlilik mövzusu dində ən çox əhəmiyyəti olan bir neçə mövzudan biridir. Çünki, məhz bu mövzu həm də çox əhəmiyyətli əlaqələr qurur və irs kimi aktual məsələlər evlilik mövzusundan başlayır. Eyni zamanda evlilik gələcək nəslin əsasını qoymaq deməkdir və sair... Buna görə də evliliyin hallalıqla qurulması ən əsas və çox vacib şərtdir.

İrandan və şiəlikdən xoşu gəlməyənlər iddia edirlər ki, şiəlik və İran cəmiyyətdə əxlaqsızlığı yayır. Bu yanlış, batil və azdırıcı düşüncəni bir qədər əvvəl dediyim məsələ ilə isbatlamağa çalışırlar. İran və şiəlik sinonim deyil. Bu, ayrıca bir yazının mövzusu olduğu üçün izahata lüzum görmürəm.

Keçirəm mətləbə - Dövrünün ən böyük müctəhidlərindən olan, böyük İslam dövləti yaratmaqla tarixə adını yazan Ayətullah Xomeyninin fətvasını şərh etmək, mənim kimi savadsız biri üçün çox ayıb olar. Lakin fətvanın dəyərli dostlarım tərəfindən yanlış anlaşılmasını da istəmədiyim üçün dini mənbələrdən əldə etdiyim faktları təqdim edəcəm.

Söhbət azyaşlı qız uşağının ərə verilməsindən gedir. Bu mövzu günümüzün ən aktual məsələlərindən biridir və demokratik, dünyəvi dövlət olduqlarını iddia edən ölkələrdə hüquqla tənzimlənir. Yeri gəlmişkən, ölkəmiz Azərbaycanda da azyaşlı qızların zorla ərə verilməsi bəzi problemlərin səbəbi kimi göstərilir.

Din də qeyd etdiyim kimi evlilik məsələsini əhəmiyyətli hesab etdiyindən ən kiçik detalını izah edib.

Ayətullah Xomeyninin fətvası ortadadır. Fətva ilə bağlı izahlara keçməzdən əvvəl bir sıra məsələləri deməliyəm. Bu məsələnin həqiqətini anlamağa çalışanlar ilk öncə belə bir sualla qarşılaşmalıdırlar – Ayətulla Xomeynin fətvasına aid məsələ İslamın digər məzhəblərində mövcuddur ya yox? Yəni İslamın digər dörd məzhəbinin (Şafii, Hənəfi, Maliki, Hənbəli və bu məzhəblərdən törənən təriqət və hərəkatlar) azyaşlı qızların ərə verilməsi ilə bağlı nə deyir?

Əvvəlcə, həmin məzhəblərin İmamlarının fətvalarını ən səhih kitablarından təqdim edəcəm. Sonra Ayətullah Xomeyninin fətvasını alimlərin nəzərlərilə izah etməyə çalışacam.

Əhli sünnənin ən böük və tanınmış alimlərindən biri İmam Nəvəvinin (hicri qəməri təqvimi ilə 676-cı ildə vəfat edib) fətvası: "Kişi zina etdiyi qadından doğulan qız uşağı ilə evlənə bilər”.   ("Əssiracul vəhhac” kitabı, "Evlənməsi haram olan qadınlar” bölməsi, səh. 373) 

Şafii məzhəbinin böyük alimlərindən hesab olunan Əbdurrəhman Cəziri bu mövzu ilə bağlı Şafii məzhəbinin rəyini belə yazır: "Kişi zina etdiyi zaman dünyaya gələn öz qızı ilə, həmçinin həmin qızından dünyaya gələn qızla evlənə bilər”. ("Dörd məzhəbə uyğun fiqh” adlı kitab, 4-cu fəsil, səh, 64)

Abdulla bin Qüdamə (620 hicri qəməridə vəfat edib) Hənəfi məzhəbinin etimad edilən məşhur alimlərindən biri: "Kişi zinadan dünyaya gələn öz qızı ilə evlənə bilməz, lakin İmam Malik və İmam Şafii bunu halal bildiyi üçün mən də zina vasitəsilə dünyaya gələn qızın öz atası ilə evlənməsini qəbul edirəm”. ("Əl-Muğni” kitabı, 9-cu fəsil, səh 529)

Bu mənbələr əhli-sünnənin etibar etdiyi kitablardır.

QEYD; Zina (qeyri-qanuni cinsi münasibət) bütün məzhəblərdə haramdır və cinayət sübut olduğu təqdirdə cəzası ölümdür. Lakin istər halal arvadından, istərsə də yad qadından zina vasitəsiylə dünyaya gələn uşaq həmin kişiyə məxsusdur. Gördüyünüz kimi dörd məzhəbin əsas kitablarında zina vasitəsiylə dünyaya gələn qız uşağı ilə öz atası evlənə bilər.

Əbdurrəhman Cəzirinin fətvasında hətta kişi zinadan doğulan qızının qızı ilə də evlənə bilər. Fətvada göstərilir ki, kişi əgər zina vasitəsiylə doğulan qızı ilə evlənməsə, onun qızı ilə evlənə bilər, yəni nəvəsi ilə.

İndi isə azyaşlı qızla evlənmə məsələsi ilə bağlı dörd məzhəbin fətvalarını təqdim edirəm:

Bütün əhli-sünnə alimləri, qız uşağı hətta beşikdə olsa belə onunla evlənməyin caiz olduğunu deyirlər. Dini təhsili olanlar bunun icma olduğunu bilirlər. Yəni, mütləq əksəriyyət yaxud bütün alimlər eyni fikirdədirlər.

 "Bütün məsəlmanların icma halında rəyi budur ki, kişi öz qızını səğirə halında (kiçik yaşlarında) evləndirə bilər”. (İmam Nəvəvi Səhih Müslümə yazdığı şərh kitabında 5-ci cild, səh, 224).

Səğirə termini fiqh sahəsində həm südəmər uşağa, həm də beşikdən həddi buluğ (yetkinlik yaşı) olan vaxta qədərki dövrü əhatə edir. Amma əksər hallarda südəmər dövr nəzərdə tutulur.

"Səğirə südlə qidalanan uşağa deyilir”. (Siracul vəhhac kitabı səh 462)

Əhli-sünnənin başqa bir tanınmış siması İbni Əbdul Birr: "Əhli sünni alimlərinin hamısı bu fikirdədilər ki, ata səğirə qızını ərə verə bilər və qızın rəyinə ehtiyac yoxdu”. ("Əlistibtar” kitabı 16cı fəsil, səh 49)

İmam Nəvəvi südəmər qız uşağını evləndirməyi qeyd edir: "Vəqf etdiyin şeyin dərhal faydasını əldə etmək şərt deyil. Həmçinin icazə verilir "rəziəə”  (südəmər qız uşağı) ilə evlənəsən”. ("Rövzətut -talibin və umdətil-müfidin” 5-ci fəsil, səh, 315)

İbni Həcər Əsqəlani "Səhih Buxariyə” yazdığı şərhdə 9-cü fəsil səh, 124-də qeyd edir: "Biz əhli-sünnənin bütün alimləri kiçik qız uşağını böyük kişi ilə evləndirməyi caiz bilirik, həmin qız uşağı hətta beşikdə olsa da”.

Düşünürəm ki, bu mənbələr məlum məsələ ilə bağlı əhli-sünnənin mövqeyini ortaya qoymağa kifayətdir.

Azyaşlı qız uşağı ilə evlənmək əksər şiə müctəhidləri tərəfindən qəbul edilmir. Bura həm illər öncə yaşamış, həm də müasir müctəhidlər daxildir. Lakin bir neçə istisna var ki, o da müəyyən şərtlədir.

Şiə dünyasının ən böyük müasir müctəhidlərindən hesab olunan Ayətulla şeyx Nasir Məkarim Şirazi, bu məsələni caiz bilmir: "Südəmər uşaqla evlənmək qəti şəkildə caiz deyil. Nə də ki, bu məsələdə icma yoxdu”.

Ayətullah Məkarim Şirazi ikinci cümlə ilə demək istəyir ki, bir neçə müctəhid bu məsələni caiz bilsə də, mütləq əksəriyyət qəbul etmir. Amma biz əvvəlki mənbələrdə əhli-sünni alimlərinin icma halında qəbul etdiklərinə rast gəlmişdik.

Ayətulla Xomeyninin fətvası

"Arvadla, daimi və ya müvəqqəti nigaha girməkdən asılı olmayaraq 9 yaşının tamam olmağına qədər onunla cinsi əlaqəyə girmək olmaz. Digər həzz alma hərəkətlərinə qaldıqda isə hətta o körpə uşaq olsa belə, kişi şəhvətlə ona toxuna, qucaqlaya bilər. Əgər kişi qadınla onun 9 yaşının tamam olmasına qədər bu cür cinsi əlaqəyə girsə və onun bakirəliyini qırmasa, ona heç bir cəza tədbiri görülməz"

Ayətullah Xomeynin öz iki tələbəsinin bu fətva ilə bağlı dediklərini qeyd etməklə fətvaya aydınlıq gətirməyə çalışacam.

Ayətullah şeyx Cəfər Sübhanı: "Əgər şərii hökm insanın səhhətinə zərər verərsə, ona əməl etmək haramdır. Məsələn, hər hansı formada su insana ziyan vurusa, dəstəmaz almaq qadağan olunur və təyəmmüm olunmalıdır. Əgər südəmər qız uşağı ilə evlənmək qız uşağına fiziki və psixoloji ziyan vurarsa, ona mənfi təsir edərsə, bu evlilik haramdı. Bu fətva ancaq südəmər qız uşaqları üçün deyil, yetkinlik həddinə çatmış və bir qədər böyük qızları da nəzərdə tutur”.

Burda bir haşiyə qeyd etməliyəm. Şiə fiqhində 4 növ əqd (kəbin) oxunma qaydası var. Biri də "füzulətən”dir. Yəni qız uşağı, yaxıd həm qız həm də oğlan kiçik yaş(lar)ında olarkən qızın (onların) vəlisi (atası və babas) füzulətən kəbin oxuyurlar. (Hətta bəzi bölgələrimizdə el arasında "göbək kəsdi” adətini buna misal göstərə bilərik). Bu kəbindən iki məqsəd əsas götürülür. Qız uşağına faydalı nəsə olarsa və qız uşağına heç bir ziyan (fiziki və mənəvi) toxunmazsa. Lakin bu kəbinin əsas və yeganə şərti odur ki, tərəflər bir birinə heç bir halda toxuna bilməzlər. Qız uşağı yetkinlik yaşına çatandan sonra həmin evliliyə razı olarsa, kəbin qüvvədə qalır və evlilik (ər-arvadlıq) başlayır, qız razı olmasa kəbin batil hesab olunur.

Ayətulla Cəfəri Sübhanı kiçik yaşda olan qıza fiziki və psixoliji ziyan gətirə biləcək evliliyi haram hesab edir. Qaydasını da qeyd edir: birinci hökm zərərlidirsə, əməl edilməyəcək deyir. Necə ki, su bədənə ziyan vurursa dəstəmaz batil olar, qaydasını dəlil kimi göstərir. Deməli Ayətulla Xomeyninin fətvası bu məntiqlə əməl oluna bilməz. Buna nəzəri fətva da deyirlər. Kimsə soruşa bilər ki, əməl olunmayan fətva niyə qeyd olunmalıdır?

Nəzəri fətvanın nədən ibarət olduğunu deməmişdən əvvəl Ayətulla Xomeyninin ən çox sevdiyi digər tələbələrindən birinin mövzuyla bağlı fətvasını qeyd edirəm. Dövrümüzün böyük şiə alimlərindən hesab olunan Ayətullah Yusif Saneği: "Südəmər qız uşağı ilə evlənmək olmaz. Çünki bu işdə fəsad var və qızın xeyrinə heç bir şey yoxdu. Bəzi fiqh kitablarında bu məsələ nəzəri fətva kimi qeyd olunur, əməli fətva deyil”.

Ayətullah Yusif Saneği Ət-Təhrirul Vəsilə kitabına haşiyə yazıb. Həmin kitabın 239-240-cı səhifələrində haqqında bəhs etdiyimiz 12-ci məsələ barədə yazır: "Kiçik, xüsusən südəmər qız uşağı ilə ləzzət məqsədi ilə oynamaq haramdı”.

Ayətullah Yusif Saneği bu fətvanı konteksdən çıxaranlara elə həmin kitabdakı digər fətva ilə cavab verib. Həmin kitabın 4-cü məsələsində yetkinlik yaşına çatmayan qız və oğlan uşaqlarının evləndirmə şərti var. Bu şərt bütün müctəhidlər tərəfindən dəstəklənir: "Yetkinlik yaşına çatmayan qız uşağına füzulətən əqd oxunarsa, qızın mənfəət əldə etməsi və heç bir halda zərər çəkməməsi əsas götürülür. Əks halda ata vilayət (qızın üstündə qərar vermə) hüququndan məhrum edilir”.

Gördüyünüz kimi Ayətulla Xomeyninin hər iki tələbəsi məlum fətvaya fiqh qanunlarına görə əməl olunmamasını və nəzəri fətva olduğunu qeyd edirlər.

Nəzəri fətva nədir?

Şərii kitablarda bəzi fətvalara rast gəlinir ki, onlara heç zaman əməl olunmur və yaxud hələ olunmayıb. Məsələn, kimsə soruşa bilər ki, əgər aya getsəm orda namazı necə qılacam? İslam dini bu suala ya cavab verməlidir, ya da cavab verməməlidir. İkinci halda din haqqında mənfi münasibət formalaşa bilər. Din hər hansı bir sualın cavabını bilmir, kimi haqlı ittihamlar yaranar. Sual nəzəri baxımdan mümkün olduğu üçün ona nəzəri cavab verilib. Yəni insan ayda ibadət etmək imkanı qazanarsa, yerdə hansı şərtlərlə ibadət edirdisə, ayda da o şərtlərə əməl edəcək.

Məlum fətva da böyük müctəhidlər tərəfindən nəzəri olaraq izah olunur.

QEYD: Həm Ayətullah Məkarim Şirazi, həm Ayətullah Cəfəri Sübhanı, həm də Ayətullah Yusif Saneğinin fətvalarında mənbə göstərməmişəm. Çünki bu şəxslərə mövzu ilə bağlı sual göndərilib, onlar da sualı bu cür cavablandırıblar. (Daha dərindən maraqlananlara sualın kim tərəfindən ünvanlandığını deyə bilərəm).

Mövzunun tam aydın olması üçün bir qədər də araşdırmaya ehtiyac duyulur.

Araşdırmanı bu sualla davam etmək istəyirəm: Cinsi əlaqədə olmaq üçün qızın həddi buluğa (yetkinlik yaşına – 9 yaşına) çatması şərtdir ya yox?

Şiə fiqhinə görə həddi buluğa (9 yaşına) çatmamış qızla cinsi əlaqə haramdır. (Bunun dəlili bir az əvvəl məlum fətvada qeyd olunduğu üçün təkrara yol vermirik). Hətta əgər kimsə bu işi görsə, həmin qız o kişiyə əbədi haram olacaq və o qız başqası ilə ailə qurmasa, ölənə qədər onun bütün xərclərini həmin kişi ödəməlidir.

Sünni fiqhində isə 9 yaşına çatmayan qız uşağı ilə cinsi əlaqə caizdir. Lakin bir şərt var - qız uşağı tab gətirməlidir. 4 məzhəbin hamısında bu məsələ qeyd olunur.

 "Qızın atası ilə kişi arasında qıza zərər vurmamaq şərti ilə qızla kişinin arasında cinsi əlaqəyə razılıq olarsa, bu əməl baş tutacaq. Əgər qızın atası ilə kişinin arasında razılıq olmasa, Əhməd ibni Hənbəl və Əbu Ubeydin fətvasına görə qız uşağı 9 yaşındadırsa, qız cinsi əlaqəyə məcbur edilə bilər, amma qız uşağı 9 yaşdan aşağı olsa cinsi münasibətə məcbur etmək olmaz. İmam Malik (maliki məzhəbinin banisi), İmam Şafii (şafii məzhəbinin banisi) və İmam Əbu Hənifə (hənəfi məzhəbinin banisi) bu düşüncədədirlər ki, cinsi münasibət üçün təkcə qız uşağının tab gətirməsi şərtdir”. (İmam Nəvəvinin "Səhih Müslümün şərhi” adlı kitabı, 5-ci cild, səh 224).

4 məzbəhin hamısında cinsi əlaqədən başqa bütün ləzzət növləri az yaşlı qız uşağı ilə (beşikdən 9 yaşa qədər) caizdir. Məzhəblərin arasındakı fərq budur -  üç məzhəb cinsi münasibətə qızın tab gətirməsini şərt qoyur, Əhməd bin Hənbəl (hənbəli məzhəbinin banisi) isə qız uşağına zərər gələrsə və atası razı olmazsa, 9 yaşına çatmamış cinsi əlaqənin olmasını caiz bilmir. Amma başqa ləzzət növləri dörd məzhəbin hamısında caizdir.

Mövzunu evlənmək üçün yaş həddinin mövcudluğu ilə yekunlaşdırmaq istəyirəm.

Şiə fiqhindən təqdim etdiyim dəlillər göstərir ki, evlənmək və xüsusən ər-arvad məsələləri üçün qızın yetkinlik yaş həddinə çatması zəruridir. Yəni evlənmək üçün yaş həddi var.

Amma əhli-sünni fiqhində yaş həddinin olmadığını isbatlayan kifayət qədər dəlilə rast gəlmək mümkündü.

"Səğirənin (yetkinlik yaşına çatmayan qız uşağı, bəzi mənbələrə görə hətta südəmər qız uşağı) icazəsi olmadan atası evləndirə bilər”. (İbni Teymiyyə, "Məcmuğul Fəsavə” kitabı, 32-cü fəsil, səh 30)

"Əgər bir kişi südəmər qız uşağı ilə evlənsə, bu evlilik səhihdir”. (İmam Sərəxsi "Əlməbsut" kitabı 12-cü fəsil səh 177, 15-ci fəsil, səh 150)

İmam Təbəri "Təfsiri Təbəri” təfsirində Təlaq surəsinin 4-cü ayəsinin şərhində yetkinlik yaşına çatmayan qız uşağı ilə cinsi əlaqəni caiz hesab edir və hətta qız uşağının tab gətirməsini, dözməsini də şərt qoymur. 

Nəticə:

Təqdim etdiyim mənbələrdən göründüyü kimi, Ayətullah Xomeyninin fətvası qərəzli şəkildə İslama və xüsəsən Şiə məzhəbinə qaşrı nöqsan kimi göstərilir. Məqsəd isə Şiə məzhəbini gözdən salma və insanlarda bu məzhəbə qarşı nifrət yaratmaqdır. Çox kiçik araşdırmalar isə tam əksini sübut edir.

Hər şeyin ən gözəlini bilən Allahdır!

İlahiyyatçı, jurnalist Cavid Cabbarlı
Mənbə: Xeber.info