İlham Əliyev ABŞ dövlət katibi ilə görüşüb

İlham Əliyev ABŞ dövlət katibi ilə görüşüb

10-07-2017 19:03 / Bu xəbər 1241 dəfə oxundu

İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb.

AZƏRTAC -ın məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. 

İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.

Prezident  "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.

Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

İ. Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə "Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.

ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkənin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.

Söhbət zamanı, həmçinin Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.