İlham Əliyev BMT-nin baş katibi ilə görüşdü

İlham Əliyev BMT-nin baş katibi ilə görüşdü

21-09-2017 10:03 / Bu xəbər 1455 dəfə oxundu

Sentyabrın 20-si Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında bu qurumun baş katibi Antonio Guterres ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, A.Guterres deyib ki, Azərbaycan ilə BMT arasında əməkdaşlıq yüksək səviyyədədir. O, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.

Prezident İ.Əliyev isə deyib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir, yoxsulluq aşağı səviyyədədir, savadlılığın səviyyəsi 100 faizə yaxınlaşıb.

O deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində sülh danışıqlarına mane olur.

İ.Əliyev vurğulayıb ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir.

Sentyabrın 17-si prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər etmişdilər.

Səfərdə məqsəd BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək idi.

BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-si başlayıb. Sentyabrın 19-dan 25-nə kimi isə dövlət, hökumət və xarici işlər nazirlikləri başçıların iştirakı ilə yüksəksəviyyəli ümumi siyasi müzakirələr aparılır.

Prezident İ.Əliyev dünən, sentyabrın 20-si BMT kürsüsündən çıxış da edib. O vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində işğalçı siyasət yeridir, ölkədə iqtisadi inkişaf, demokratiya və insan haqları təmin edilib.

Prezidentin ABŞ səfəri başa çatıb.