İlham Əliyev: "Dövlət pul ayırır, hər addım cinayət, hər addım rüşvət"

İlham Əliyev:

13-05-2020 20:46 / Bu xəbər 1329 dəfə oxundu

"Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya olmalıdır. Ədalətsizlik insanlarda inamı qırır, böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır". 

Bu barədə çərşənbə günü dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonunun yeni icra hakimiyyəti başçısı ilə videokonfrans zamanı bildirib.

"Bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Qaçqınların İşləri üzrə Dövlət Komitəsi və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır", - deyə Əliyev bildirib.

"Bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər", - deyə dövlət başçısı qeyd edib.

Çıxışına davam edən prezident qeyd edib ki, mənzillərin bölgüsündə başqa mənfi hallar da var: "Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır".

"Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər... Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər".

Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün milyonlarla manat vəsait ayrılıb. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq!".

Xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da baş verir.

"Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar", - deyə İlham Əliyev emosional çıxışına yekun vurub. 

Turan.az