İlham Əliyev: "Gənclər küçəyə çıxsa..."

İlham Əliyev:

24-01-2020 16:38 / Bu xəbər 1411 dəfə oxundu

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər.

BBC xəbər verir ki, prezident bu sözləri Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında deyib.

İclasın moderatoru prezidentdən soruşub ki, Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər.

İlham Əliyev bu suala cavab olaraq bildirib ki, o, gənclərin nə istədiklərini dinləyərdi: "Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar".

Prezident onu da qeyd edib ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir.

"Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır", - cənab Əliyev bildirib.

İlham Əliyev "regionun ən parlaq ümidi və ən pis kabusu" barədə suala "hazırda ən vacib olan məsələ regional sabitlikdir", - deyə cavab verib.

"Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır… Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq", - o deyib.

Cənab Əliyev baş qaldırmasından daha çox narahat olduğu gərginliklər barədə danışarkən isə "biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük" deyib.

O Qarabağ münaqişəsini, Əfqanısandakı gəriginliyi və ABŞ-İran münasibətlərindəki gərginliyi qeyd edərək deyib: "Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur".

İlham Əliyev Azərbaycandakı vəziyyətlə də bağlı danışıb. O, 2019-cu ildə hakimiyyətdə edilmiş yeni vəzifə təyinatları barədə deyib ki, "hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunub".

"İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişiklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilib", - o deyib.

Prezident fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini də xatırladaraq seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacağını deyib.

İlham Əliyev bildirib ki, əvvəllər ölkədə, əsasən infrastruktur layihələrinə sərmayə yatırılsa da, indi yeni yanaşma tələb olunur.

"Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var", - o deyib.

O, əhalinin say artımından da danışıb. Deyib ki, Azərbaycanda əhali hər il 100 mindən çox artır və bu azı "ildə 100 min iş yeri" deməkdir.

"Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq", - o deyib.

Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda minlərlə iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib.

Azərbaycan 20 ildən çoxdur ki, Davosda keçirilən İqtisadi Foruma qatılır. Azərbaycan hakimiyyəti bu Forumda keçirilən görüşlərə, Forumun yaydığı statistik məlumat və təhlillərə böyük əhəmiyyət verir.