İlham Əliyev: "İnsanlardan pul qopardılır, dövlət vəsaiti oğurlanır"

İlham Əliyev:

22-05-2020 00:28 / Bu xəbər 784 dəfə oxundu

"Təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb”. 

Bu barədə mayın 21-də prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident son 17 il ərzində bölgələrdə görülən işlərdən danışarkən icra hakimiyyətlərinin fəaliyyətinə toxunub.

"Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq, görək, icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulub. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır", - deyə prezident qeyd edib.