İlham Əliyev turizm barədə: Bütün məsul şəxslər cəzalandırılacaqlar

İlham Əliyev turizm barədə: Bütün məsul şəxslər cəzalandırılacaqlar

10-04-2018 16:34 / Bu xəbər 2387 dəfə oxundu

Toğrul Cuvarlı: "İqtisadiyyatda gərəkli sürət yaranmadığından əlavə yollar axtrarırlar”

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunan iclasında prezident İlham Əliyev turizm sahəsində olan korrupsiya və rüşvətə görə günahkarların cəzalandırılacağını bəyan edib.

İclasda çıxış edən İlham Əliyev deyib ki, turizm potensialına malik olan hər bir ölkə turistləri cəlb etməyə, onlar üçün şərait yaratmağa çalışır:

"Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı”.

O, qeyd edib ki, bundan sonra yenə də eşidib ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur.

"Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək. Heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

Toğrul Cuvarlı

İqtisadçı Toğrul Cuvarlı İlham Əliyevin sərt bəyanatını anlaşılan hesab edib.

İqtisadçı Meydan TV-yə deyib ki, prezidentin son vaxtlar bu cür bəyanatlar səsləndirməsi təbiidir.

"Çünki iqtisadiyyatda gərəkli sürət yaranmadığından əlavə yollar axtrarırlar. Azərbaycan iqtisadiyyatının sürəti isə hələ də neft amili ilə bağlıdır. Amma digər sahələrdə inkişaf yoxdur. Ona görə belə bəyanatlar tədricən artacaq. Digər tərəfdən, prezidentin açıqlamasını 11 aprel növbədənkənar prezident seçkisi amili ilə də izah olunmalıdır. Seçkidən sonra radikal dəyişiklik olmalıdır, amma olacaqmı, bu, bilinmir”.

Bəxtiyar Hacıyev

Məsələyə sosial şəbəkələrdə reaksiya verən, ictimai fəal Bəxtiyar Hacıyev yazıb ki, prezidentin sərt tənqid edib, "alçaqlıq” adlandırdığı bütün problemlər turistlərin qarşılaşdığı problemlər idi - viza, sərhəddə foto tələbi, sürətli keçid üçün əsassız (!) rüşvət, otellərə polis basqını və s.

"Gərək, 100-200 turist gətirək ölkəyə, onlara avtomobil kirayələyək, buraxaq Bakı küçələrinə, YPX onları "avtoş” adı ilə saxlasın. Aparaq xəstəxanalara, müayinə olunanda, xəstə yanına qalxanda neçə dəfə incidilib, rüşvət alındıqlarını görsünlər. Aparaq orta məktəblərə, "süpürgə pulu” tələb etsinlər. Hamısına Azercell nömrə paylayaq, ölkəyə girən kimi 30 manat yükləyib, "alo” deyən kimi,40 manat balansdan reklam xidmətlərinə silinsin və s. Onlar da gedib öz prezidentlərinə danışsınlar, onların prezidenti də Azərbaycan prezidentinə. O da gələn müşavirədə biz dediklərimizi desin: "Yol polisləri, yollarda, trassalarda gecələr maşınları saxlayıb pul istəyirlər, xəstəxanalarda addımbaşı pul tələb edirlər, məktəblərdə süpürə pulu yığırlar, mobil operatorlar quldurluq, dilənçilik edir... Belə alçaqlıq olmaz, tədbir görməliyik!”