İlham Əliyev xalqı təbrik edib

İlham Əliyev xalqı təbrik edib

25-12-2017 22:41 / Bu xəbər 2017 dəfə oxundu

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan xalqını təbrik edib.

Ölkə başçısı təbrikində dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərə bağlılığının və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. 

O, Azərbaycanın böyük potensiala malik olduğunu da qeyd edib.

"Azərbaycan böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılıb. Sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunub. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq”, - prezident yazıb.

Təbrik məktubunda "Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasından, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən, Şimal-Cənub nəqliyyat dəhlizində işlərin başa çatdırılmasından bəhs olunur. Vurğulanır ki, bu layihələr ölkənin tərəqqisi və xalqın rifahının yüksəlməsinə xidmət edir:

"Biz vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür”.

Ölkə başçısı bildirib ki, xaricdə yaşayan azərbaycanlılar milli maraqların müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 25 ildir ki, bu bayram qeyd edilir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub.

O hadisələrin şahidlərinin deməsinə görə, «Berlin divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında, həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildiriblər.

Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

İki il ötüb, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. 

1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.///azadliq.org