İlham Əliyev 4-cü dəfə prezidentliyə namizəd oldu

İlham Əliyev 4-cü dəfə prezidentliyə namizəd oldu

08-02-2018 11:39 / Bu xəbər 312 dəfə oxundu

Bu gün, fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi verilib.

AZƏRTAC-ın xəbərinə görə, qurultayda partiyanın sədri, prezident İ.Əliyev nitq söyləyib.

Dövlət başçısı YAP-ın yaranmasından, keçdiyi yoldan, ilk sədr Heydər Əliyevin xidmətlərindən, partiyanın ölkənin və cəmiyyətin həyatındakı rolundan bəhs edib

Sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan işadamı Elnur Camalxanov və başqaları çıxış ediblər.

Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində partiyanın sədri İ.Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.

YAP 1992-ci ildə yaradılıb və ilk sədri ölkənin mərhum prezidenti Heydər Əliyev olub.

2005-ci ildən indiki prezident İlham Əliyev partiyanın sədridir.

1992-ci ildən 2013-cü ilə kimi partiyanın 5 qurultayı keçirilib.

İlham Əliyev növbədənkənar prezident seçkisi elan etdi

Bu il fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.