İlham Əliyevin açılışını etdiyi mərkəz niyə istifadəyə verilmir?

İlham Əliyevin açılışını etdiyi mərkəz niyə istifadəyə verilmir?

08-11-2019 15:40 / Bu xəbər 892 dəfə oxundu

"Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin  istifadəyə verilməməsi sərnişinlər narazılığına səbəb olub.

Sərnişinlərin sözlərinə görə, açılış olsa da, amma hələ də mərkəz istifadəyə verilməyib.

"Artıq qış yaxınlaşır, yağışlar yağmağa başlayıb. Belə havada, dayanacaqda dəqiqələrcə durmaq olmur. 

Üstəlik, avtobuslar gecikdikdə, bu problem daha da artır”, - sərnişinlər narazılıq edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Toplum Tv-yə deyib ki, mərkəz noyabrın 9-dan artıq sərnişinlərin  istifadəsinə  veriləcək.
 
Mətbuat katibinin sözlərinə görə, mərkəzin gec istifadəyə verilməsinə səbəb müəyyən çatışmazlıqların həlli ilə bağlıdır: "Sürücülərə tanıdılma olmalıdır, təlimatlandırılmalıdırlar. İnsanların istifadəsinin ilk günlərində çaşqınlıq olmasın deyə onların istiqamətləndirilməsi üçün könüllülər hazırlanırdı”.

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Açılışda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Bildirilib ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var.

Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. 

Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.