İlham Əliyevin AXC ilə bağlı sərəncamına siyasilərdən reaksiya

İlham Əliyevin AXC ilə bağlı sərəncamına siyasilərdən reaksiya

19-05-2017 20:36 / Bu xəbər 2321 dəfə oxundu

Prezident İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda 2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsi qərara alınıb.

Toplum.tv sərəncamla bağlı siyasilərin münasibətini öyrənib.

Əli Kərimli: "İlham Əliyevin sərəncamı ilə AXC təbliğ olunan deyil"

AXCP sədri Əli Kərimli bildirib ki, hazırki hakimiyyət AXC irsinə zidd siyasət yeritdiyindən bu sərəncamdan da gözləntisi yoxdur: 
Əli Kərimli arqument.az ile ilgili görsel sonucu
"Azərbaycanın indiki hakimiyyəti mahiyyəti etibari ilə Xalq Cümhuriyyəti irsinə zidd və qarşıdır. Azərbaycanda  mahiyyətinə, formalaşma xüsusuiyyətlərinə və düşüncə tərzinə görə başdan-ayağa respublikaçılara əks olan bir hakimiyyəti var. Ona görə də onlardan Xalq Cümhuriyyətinin 100 illiyini dövlət səviyyəsində qeyd etmək, cümhuriyyətinə layiq olan şəkildə onun təbliğatını aparmağı gözləmək sadəlöhvlük olar. Əslində bu, ictimai qınağı azaltmaq üçün verilmiş formal sərancamdır. Başa düşürlər ki, nə qədər çalışsalar da, Məhəmməd Əmin Rəsulzadəni, Xalq Cümhuriyyətini və o zamanki hakimiyyəti gözdən sala bilməyəcəklər. Xalq Cümhuriyyəti xalq arasında şanlı tarix kimi qəbul olunur. Ona görə də istəmirlər birmənalı şəkildə qınağa məruz qalsınlar ki, Xalq Cümhuriyətinin 100 illiyi kimi bir hadisə dövlət səviyyəsində qeyd olunmur və o qınaqdan yaxa qurtarmaq üçün belə bir formal sərəncam veriblər. Amma əslində 100 illiklə bağlı keçirilən tədbirlərin hamısı Cümhuriyyət tarixinin və irsinin saxtalaşdırılmasına həsr olunacaq. Kaş ki heç keçirməsinlər. Keçirəcəklər və ancaq tarixi təhrif edəcəklər. Rəsulzadənin rolunu kiçiltməyə çalışacaqlar. Onlar çalışacaqlar ki, AXC-nin əsl ruhu və mahiyyəti insanlara çatdırılmasın, respublika prinsipləri təbliğ olunmasın. Azərbaycan xalqının özünün daxildə apardığı mübarizə, AXC-nin çətin şəraitdə ölkənin bütün ərazisində suverənliyini yayması, Qarabağda əldə etdiyi hərbi qələbələr qətiyyən xatırlanmayacaq. Yenə də AXC-yə neqativ münasibəti sərgiləyən hansısa açıqlamalar verəcəklər. Rəsulzadənin rolunu bəribaşdan minimuma endirmək üçün sərəncamda heç adını da çəkmədilər. İlham Əliyevin sərəncamı ilə AXC təbliğ olunan deyil. Bunu gözləmirəm də. Azərbaycan xalqı özü üçün bir vəzifə kimi müəyyənləşdirməlidir ki, bizim tarximizin olduqca önəmli dövründən söhbət gedir. AXC-nin 100 illiyi xalqımız, millətimiz üçün çox önəmlidir. Ona görə də xalq olaraq 100 illiyin, cümhuriyyət ideyalarının təntənə ilə qeyd olunması və milyonlarla insana yenidən hakim kəsilməsi üçün məqsədyönlü iş aparmalıyıq”.

Arif Hacılı: "Taleyi Rəsulzadənin doğum günü ilə bağlı verilən sərəncamla eyni olacaq"

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyir ki, dövlət başçısının AXC ilə bağlı sərəncamı formal xarakter daşıyır: 
"AXC-nin 100 illiyi Azərbaycan tarixinin çox böyük hadisəsidir. 1918-ci ildə Cümhuriyyətin qurulması təkcə Azərbaycan üçün yox, bütün Şərq və İslam dünyası üçün çox ciddi hadisədir. Bundan 100 il əvvəl Azərbaycan xalqı, cəmiyyəti, ziyalıları, Rəsulzadə başda olmaqla Müsavat Partiyası Azərbaycan ərazisində, Cənubi Qafqazın əksər ərazilərini əhatə edən bir coğrafiyada parlament tipli cümhuriyyət qurmağa nail olublar. Bu hadisənin 100 illiyinin təntənəli qeyd olunmaması qəbulolunmazdır. Amma dövlət başçısının sərəncamından da görünür ki, bu sərəncamın da taleyi təxminən Rəsulzadənin doğum günü ilə bağlı verilən sərəncamla eyni olacaq. Çünki sərəncamın özündə nə AXC-nin qurucularının, nə də 1991-ci ildə bu cümhuriyyəti bərpa etmiş siyasi xadimlərin, siyasi təşkilatların adı çəkilir. Azərbaycan xalqının və cəmiyyətinin rolu bu məsələlərdə qeyd olunmur. Cümhuriyyətin qurulması yolunda mübarizə apardıqları üçün repressiya qurbanı olmuş 10 minlərlə insanın, cümhuriyyətin bərpası üçün canlarından keçmiş 20 Yanvar şəhidlərinin adı çəkilmir. Bütün bunlar da onu deməyə əsas verir ki, dövlət başçısının bu sərəncamı formal xarakter daşıyır. Azərbaycan siyasi partiyaları və Azərbaycan xalqı AXC-nin 100 illiyini layiqincə keçirməyə nail olmalıdır. Müsavat Partiyasının bu məsələ ilə bağlı konkret planları var. Biz Cümhuriyyətin 100 illiyinə çox ciddi tədbirlər hazırlayırıq. Düşünürəm ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər Azərbaycanda olduğu kimi Türkiyə, Gürcüstan kimi dövlətlərin ərazisində, eyni zamanda, Avropada təntənəli qeyd olunmalıdır. Müsavat Partiyası olaraq bu istiqamətdə bizim planlarımız var və düşünürəm ki, Azərbaycan cəmiyyəti, cümhuriyyətçiliyi ana prinsip kimi qəbul edən bütün təşkilatlar və ziyalılar bu işdə partiyamıza dəstək olacaqlar". 

Aydın Mirzəzadə: "Prezidentin tarixə yüksək qiymət verməsinin göstəricisidir" 

Yeni Azərbaycan Partiyasının  İcra Katibliyinin şöbə müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, bu sərəncam ölkə başçısının Azərbaycan tarixinə yüksək qiymət verməsinin göstəricisidir: 
Image result for Aydın Mirzəzadə
"1918-1920 ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şanlı səhifəsidir. 100 illik fasilədən sonra müstəqillik elan edən babalarımız bütün güclərini Azərbaycanın möhkəmlənməsi, ərazi bütövlüyünün təmin edilməsi yolunda sərf edərək, böyük uğurlar əldə ediblər. Xalq Cumhuriyyəti dövlət quruculuğu yolunda böyük uğurlar əldə edib. Vətəndaşlara seçki hüququ verilib, ordunun inkişafı üçün addımlar atılıb, demokrativ dəyişiklik üçün böyük işlər görülüb. Amma təəssüf ki, sonrakı proseslər Azərbaycanın xeyrinə işləməyıb.  Cənab prezidentimizin sərəncamı ilk növbədə tarixə yüksək qiymətin verildiyini göstərir. Bu, indiki nəsilin öz keçmişini yaxşı bilməsi üçün atılan addımdır. Bu sərəncam həmin dövr ziyalılarımızın müstəqillik və güclü Azərbaycanla bağlı arzularının indiki nəsil tərəfindən uğurla həyata keçirildiyini bir daha sübut edir”.

Azər Qasımlı: "İnsanların qəlbindən cümhuriyyət sevgisini silə bilmirlər" 

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının fikrincə, AXC ilə bağlı sərəncamın verilməsi hakimiyyətin reallıqla razılaşmaq məcburiyyətindən irəli gəlir: 
"Bu hakimiyyət Rəsulzadəyə, ümumiyyətlə, Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə, fəlsəfəsinə, liderlərinə düşmən kəsilib. Sadəcə, o insanların üstünlüyü  ondan ibarətdir ki, hakimiyyətin onlara düşmən münasibətinə baxmayaraq, onların adını çəkmək məcburiyyətindədir. Bu da bir daha onu göstərir ki, Azərbaycanda Xalq Cumhuriyyəti məhz Azərbaycan xalqına aiddir, bu iqtidara aid deyil. Bu iqtidar istəsəydi, ümumiyyətlə, onların adını belə çəkməzdi. Onların bütün siyasi addımları da ona yönəlib ki, Azərbaycanda o insanları, o hadisəni xatırlayan şəxslər qalmasın. Azərbaycan Xalq Cumhuriyyətini özünə doğma bilən şəxslər qalmasın. Amma bunu edə bilməyəcəklər. 10 ilə yaxındır ki, əlləşib vuruşurlar istədiklərini edirlər, amma insanların qəlbində olan sevgini çıxarda bilmirlər. Görünür ki, nə etsələr də, bunu bacara bilməyəcəklər. Bu sərəncam da təbii ki, formaldır. Sadəcə, onlar dediyim reallıqla razılaşmaq məcburiyyətindədirlər. Razılaşmaq məcburiyyətində olduqlarına görə bu sərəncamı veriblər. Yoxsa, ümumiyyətlə, belə bir sərəncam da verməzdilər”.

Prezident İlham Əliyev 2013-cü il noyabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130-cu illik yubileyi ilə bağlı sərəncam imzaladı. 

Həmin sərəncamda 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində qeyd olunması əksini tapıb.

Siyasilər isə bu sərəncamdan irəli gələn məsələlərin həlli edilmədiyi və Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmadığını bildiriblər. 

Türkan Bəşir 
Toplum.Tv