İlham Əliyevin dəyişməyən ritorikası - ANALİZ

İlham Əliyevin dəyişməyən ritorikası - ANALİZ

12-10-2018 16:28 / Bu xəbər 476 dəfə oxundu

Dövlət başçısı iqtisadiyyatda baş verən proseslərdən danışarkən əvvəllki illərdə yol verilən ciddi xətaları etiraf etməyib

Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident iqtisadiyyatda baş verən proseslərdən, sahibkarlığa dövlət dəstəyindən, Dövlət İnvestisiya Proqramının icrasından və 2019-cu ilin dövlət büdcəsinin prioritetlərindən danışıb. Makroiqtisadi göstəricilərin yaxşılaşması faktlarına toxunarkən o, bu işdə dünya bazarında neftin qiymətinin qalxmasını deyil, "islahatların dərinləşməsini" önə sürüb.

Valyuta ehtiyatlarının ($45 mlrd.) 3 milyard dollar artımını, xarici ticarət dövriyyəsinin 37% yüksəlməsini, 9 ayda 6,5 milyard dollar həcmində müsbət xarici ticarət saldonun yaranmasını və bu il dövlət büdcəsinin xərclərinin bir neçə milyard manat artırılmasını qeyd edərkən dövlət başçısı bunun kökündə neft gəlirlərinin artması amilinin dayandığını söyləməyib.

"Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur", -hökumətin iclasında prezident İlham Əliyev deyib.

Onun fikrincə, "istənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir". Lakin bütün beynəlxalq maliyyə institutlarının dərin təhlilə əsaslanan hesabatlarında Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asılı olduğu vurğulanır.

Prezident yerli istehsalın artırılmasının, yeni sənaye müəssisələrinin (polipropilen, yüksəksıxlıqlı polietilen, karbamid zavodu, "Şimal-2" elektrik stansiyası və s.) qurulmasının və investisiya qoyuluşlarına dövlət dəstəyi mexanizmlərinin işə salınmasının qeyri-neft sektorunun inkişafına təkan verəcəyini bildirib. O, hədəflər arasında kölgə iqtisadiyyatının aradan qaldırılmasının olduğunu da deyib.

İqtisadi islahatlardan danışarkən prezident əsasən vergi və gömrük sahəsində aparılan işlərə toxunub, bunun "müsbətə doğru dəyişikliklərə" səbəb olduğunu vurğulayıb, "sahibkarları, ictimaiyyəti narahat edən xoşagəlməz hallara" son qoyulmasının vacib olduğunu deyib. Eyni zamanda sahibkarları da vergidən yayınmağa son qoymağa çağırıb. Prezident gömrük orqanlarının xarici ticarət əməliyyatları üzrə 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasını "struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə" aparılması ilə əlaqələndirib. Maraqlıdır ki, əvvəlki illərdə ən azı bu qədər ödənişlərin dövlət büdcəsindən yayındırılmasına səbəb olan Dövlət Gömrük Komitəsinin heç bir yüksək vəzifəli əməkdaşına qarşı indiyədək cinayət işi qaldırılmayıb. Halbuki, yayınmalara səbəb müstəqil ekspertlərin hər zaman vurğuladıqları kimi qurumdakı qeyri-şəffaflıq, inhisarçılığın himayə olunması və korrupsiyadır.

2019-cü ilin dövlət büdcəsi layihəsinə toxunan İlham Əliyev onun investisiya və sosialyönümlü olacağını bildirib. Geniş məruzəsində o, 2015-2016-cı illərdə, böyük neft pullarının axınının dayandığı zaman səsləndirdiyi "biz nefti unutmalıyıq", "qənaətcil olmalıyıq" kimi fikirlərə yer verməyib. Əvəzində gələn ilin büdcəsində dövlət kapital qoyuluşu üçün "kifayət qədər vəsait" nəzərdə tutulduğunu deyən dövlət başçısı bu vəsaitdən səmərəli şəkildə istifadəni, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin etməyi, prioritetləri düzgün seçməyi önə sürüb. Dövlət investisiya proqramının hədəflərinin iqtisadiyyatın real sektoru, indiyədək həllini tapmayan infrastruktur layihələri olduğunu deyib. Layihələr arasında elektrik enerjisi istehsalı, ötürücü xətlərin, yarımstansiyaların yenidən qurulması işləri də var.

İqtisadiyyatda baş verən proseslərdən danışarkən dövlət başçısı əvvəllki illərdə yol verilən ciddi xətaları nəinki etiraf edib, əksinə, köhnə ritorikasını dəyişməyib. 2015-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı əvvəlki dövrə nisbətən az qala iki dəfə geriləsə də, İlham Əliyev həmin illərdə dünyanı maliyyə-iqtisadi böhranının bürüdüyünü, Azərbaycan iqtisadiyyatının isə "dayanıqlılığını təmin edildiyini" söyləyib.

Neftin qiymətinin artımı, qeyri-neft sektoruna 5,6 milyard dollar sərmayə qoyuluşu fonunda bu ilin 9 ayında Ümumi Daxili məhsul 0,8% artıb. Rəsmi məlumatlara görə, qeyri-neft sektorunda artım 1 faizdir. Bu dövrdə istehlak qiymətləri 2,6%, əhalinin gəlirləri isə 9,5% artıb.

"Bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir. Biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq", - Prezident Əliyev belə deyib.

Müstəqil iqtisadçılar neftin qiymətinin artımı sayəsində Azərbaycan iqtisadiyyatında müşahidə olunan pozitiv meylləri birmənalı qiymətləndirmirlər. Onların fikrincə, hökumət bunu müstəqillik illərində üçüncü, lakin sonuncu şans kimi qəbul etməli, islahatları dərinləşdirməklə kəmiyyət göstəricilərinin keyfiyyətə dəyişikliyinə çevrilməsinə nail olmalıdır. Əks halda valyuta ehtiyatları artıq ona kömək etməyəcək. Hər halda 2015-ci ilin devalvasiya təcrübəsi onun üçün dərs olmalıdır.

Mənbə: "Turan" Analitik Xidməti