"İlham Əliyevsiz də qazana bilərdiniz" - Arif Hacılı

25-07-2017 00:47 / Bu xəbər 1366 dəfə oxundu

"QHT sektorunu Azay Quliyevin rəhbərliyi altında bir qurum yaradıb maddi həvəsləndirmə yolu ilə məhv etdilər. Azad mətbuatı Əflatun Amaşovun Mətbuat Şurası, Mətbuata Yardım Fondu vasitəsi ilə məhv edə bilməsələr də ciddi olaraq əzdilər. Bunlar sanki hakimiyyətin vətəndaş cəmiyyətini, mətbuat orqanlarını nəzarətdə saxlayan nazirlikləridir. Çalışdılar ki, dialoq adı altında bir "müxalifət nazirliyi" də yaratsınlar. Çox canfəşanlıq etdilər. İmkan vermədik. Qarşısını aldıq".

Arqument.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı feysbuk səhifəsində yazıb.

"Problem QHT sektorunda bölüşdürülən qrantlarda, jurnalistlərə verilən evlərdə deyil. Normal cəmiyyət, azad rəqabət olsa bunu çoxlarınız İlham Əliyevsiz də qazana bilərdiniz. Doğrudan da? 255 jurnalistə verilən mənzillərin ümumi məbləğindən daha bahalı villaları olan vəzifəli şəxslər (oliqarxlar deyil, məhz vəzifəli şəxslər) var.  Korrupsiya dəhşətli problemdir. Amma sizin həvəsləndirmə fondundan aldığınız mükafatlar, vətəndaş cəmiyyəti institutlarının, azad mətbuatın, etimad mühitinin sıradan çıxarılmasına, korrupsiyanın inkişafına xidmət edir ki, bu da cəmiyyət üçün daha böyük təhlükədir", - deyə Arif Hacılı bildirib.

Arqument.az