İlkin Rüstəmzadə: “Məni burada hər gün diri-diri öldürürlər”

İlkin Rüstəmzadə: “Məni burada hər gün diri-diri öldürürlər”

07-07-2018 14:13 / Bu xəbər 4300 dəfə oxundu

"Əllərimi arxadan qandallayıb saçımı qırxdılar"

"Artıq 6-cı ildir ki, həbsdəyəm. Və ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burada hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar... Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”.

Bunu hazırda həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadə yazıb.

Ailəsinin verdiyi məlumata görə, İlkin Rüstəmzadə işgəncələrə, fiziki və psixoloji təzyiqə məruz qalıb.

İlkin Rüstəmzadə cəza çəkdiyi 13-cü kalondan zəng vuraraq, ailəsindən bu fikirlərini ictimailəşdirməyi xahiş edib: "Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get.

İsveçdə yaşayan qız dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər. Bu haranın kodudur belə? Nə? İsveç? Xətalı ölkədir, olmaz. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat oldum (Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim). Həkimin mənə əməliyyatdan sonrakı sözü: ”Bilirik əməliyyat olmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir”. İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam gücləri ilə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm”.

NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə "Əsgər ölümlərinə son!” aksiyalarını təşkil etdiyi üçün 2013-cü ilin mayında həbs olunub.

O, Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

Hələ də həbsdə saxlanılır. Həbs çəkdiyi bu 5 il ərəfəsində həbsi kimi, həbsxanada da İlkin Rüstəmzadəyə dəfələrlə haqsızlıqlar olunub. Təhdid olunub, ailəsi ilə görüşünə məhdudiyyətlər yaradılıb, səbəbsiz yerə işgəncə verilib. 

Məsud Turan