"İlkin Rüstəmzadəni ölümlə təhdid ediblər" - Atlas Hüseynova

18-08-2017 14:23 / Bu xəbər 2505 dəfə oxundu

"13 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan İlkin Rüstəmzadə həbsxananın rəis müavini tərəfindən təhdid olunub".

Bu barədə Toplum.Tv-yə məhbusun anası Atlas Hüseynova məlumat verib. 

Onun sözlərinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkin Rüstəmzadəni ölümlə təhdid edib. 

"Əvvəllər bu şəxs 2 və 17 saylı Cəzaçəkmə Müəssisələrində işləyib. İndi də 13 saylıda İlkini təhdid etməklə öz vəzifəsinin icrasına başlayıb. O, İlkini hədələyib ki, sən prezidenti söymüsən və buradan salamat çıxmayacaqsan", - Atlas Hüseynova bildirib. 

O qeyd edib ki, yeni rəis bütün məhbuslara qarşı kobud davranır: "İlkinin yanından indicə gəlmişik. Yeni rəis müavini təyin olunub və o özünü çox kobud aparır. Oradakı bütün uşaqlar onun əlindən bezdiklərini deyirlər. İlkini də hədələyib ki, səni öldürtdürərəm, səni aradan götüzdürərəm. Bilirəm, kimə arxayınsan, avropalılara güvənirsən. Avropadan gələn o homoseksual komissarlar da səni mənim əlimdən ala bilməz. Bir gün araya çaxnaşma salıb səni aradan götürərəm. Bilmirəm ona nə göndəriblər, nə deyiblər. Adamdan soruşmaq lazımdır ki, sən ora adam öldürməyə getmisən?"

Atlas Hüseynova rəislə görüşməyə imkan olmadığını bildirib: "Heç görüşməyə ehtiyac da yoxdur, normal münasibət olsa, orda rəis ola-ola rəis müavini at oynada bilməz. İlkin 5 ildir, günahsız yerə həbsdədir, bu bir yana, hədə-qorxu da gəlirlər".

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, nə İ.Rüstəmzadə, nə də digər məhkum ölümlə hədələnə bilər: "Bütün cəzaçəkmə müəssisələri üçün qüvvədə olan daxili nizamnamə mövcuddur. Bu qaydalara hamı əməl etməlidir. O ki qaldı həmin şəxsin hansısa bir rəsmi tərəfdən ölümlə hədələnməsinə, bu, tamamilə absurd iddiadır. Belə bir şey olmayıb və ola da bilməz".

İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.

Ona Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq hesab edir ki, İ. Rüstəmzadə Bakı bulvarında «Harlem Shake» rəqs fleşmobu təşkil edərkən xuliqanlığa yol verib. Fleşmob YouTube-də də yerləşdirilib.

Sonradan İ.Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadə ilə bağlı iki şikayəti araşdırır.

«Amnesty International» İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.

Toplum.Tv