"İlkini təhdid edən məmur qanun qarşısında cavab versin!" - Müsavat Partiyası

18-08-2017 16:26 / Bu xəbər 982 dəfə oxundu

Müsavat Partiyası NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus İlkin Rüstəmzadənin ölümlə təhdid olunması ilə bağlı bəyanat yayıb. 

Arqument.Az xəbər verir ki, partiya Rüstəmzadəni təhdid edən məmurun qanun qarşısında cavab verməsini tələb edib: "4 ildən artıqdır həbsdə saxlanılan, NIDA Vətəndaş Hərəkatının üzvü siyasi məhbus İlkin Rüstəmzadəyə qarşı 13 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlər davam edir. İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadə bu gün cəzaçəkmə müəssisəsində oğlu ilə görüşüb.

O, görüşdən sonra bildirib ki, CÇM-nə yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkin Rüstəmzadəni hədələyib "Buradan sağ çıxmayacaqsan, səni aradan götürəcəyik” -deyib.

Müsavat Partiyası bu məlumatı son dərəcə narahatçılıqla qarşılayır, hakimiyyətdən İlkin Rüstəmzadəyə qarşı tətbiq edilən təzyiqlərə son qoyulmasını, onun ölümlə hədələnməsi hadisəsinin araşdırılmasını və adı çəkilən məmurun qanun qarşısında cavab verməsini təmin etməyi, tələb edir".
 
Avqustun 18-də 13 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan İlkin Rüstəmzadənin həbsxana rəisi tərəfindən təhdid olunduğu barədə məlumat yayılıb. 

Məlumatı məhbusun valideynləri yayıb. Məhbusun anası Atlas Hüseynova oğlunun həyatına təhlükə yarandığını deyib.