İlqar Məmmədov vəkillərindən imtina etdi - VİDEO

İlqar Məmmədov vəkillərindən imtina etdi - VİDEO

02-10-2017 18:52 / Bu xəbər 1595 dəfə oxundu

Oktyabrın 2-də vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsində REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.Vəkil görüşdən sonra  İlqar Məmmədovun iki mesajını ictimaiyyətə çatdırıb. 

"Birinci mesaj  bununla bağlıdır ki, iqtidarın hazırda Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı təqdim etdiyi qanun layihəsi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı qərarının icrasını təmin etmir. Yəni həm Avropa Məhkəməsinin, həm Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun qeyd-şərtsiz, dərhal azad edilməsi tələbini təmin etmir”.

Vəkilin sözlərinə görə, İlqar Məmmədovun ikinci mesajı  vəkillərin xidmətindən imtina ilə bağlıdır: "İlqar Məmmədov indiki mərhələdə digər vəkillərinin xidmətlərindən imtina edir. Hesab edir ki, hazırda işin Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Komitəsi ilə bağlı olduğu mərhələdə başqa vəkillərin xidmətlərinə ehtiyac olmadığına görə, onların xidmətindən imtina edir".

Fuad Ağayev əlavə edib ki, özü İlqar Məmmədovu təmsil etməyə davam edəcək. Vəkil İlqar Məmmədovun səhhətində ciddi bir problem olmadığını da qeyd edib: "Səhhəti ideal olmasa da, şikayəti də yoxdur”.

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovun azad olunması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib. 

Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən katibliyə tapşırılıb ki, İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın. Layihədə ölkənin Avropa konvensiyasının 46 . 1 maddəsi (Avropa Məhkəməsinin qərarlarının məcburi qüvvəsi və icrası) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa Məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

Əgər 2017-ci il oktyabrın 25-dək İlqar Məmmədovun azadlığının təmin olunmasında irəliləyiş olmasa, qətnamə komitənin həmin tarixdə keçiriləcək iclasına çıxarılacaq. Bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir. Belə bir  halla  Avropa Şurasının aiddiyyatı qurumları indiyədək qarşılaşmayıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.