İlqar Məmmədovun apelyasiya məhkəməsi olacaq

İlqar Məmmədovun apelyasiya məhkəməsi olacaq

27-07-2018 00:30 / Bu xəbər 679 dəfə oxundu

REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə vəkili Fuad Ağayev feysbukda yazıb.

O bildirib ki, işə avqustun 10-də Şəki Apelyasiya Məhkəməsində baxılacaq.

Ali Məhkəmənin Plenumu İ. Məmmədov barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib. İş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının icra edilməməsinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Ardınca AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Partiyasının lideri İ.Məmmədova məktub göndərib.
 
Məktub AŞNK-in Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır. Məktubda tərəflərdən məsələ ilə bağlı mövqeləri soruşulurdu.///toplum.tv