"İmtahanların müsahibə mərhələsi qeyri-müəyyəndir"

10-05-2018 16:56 / Bu xəbər 2111 dəfə oxundu

"Dövlət qulluğu imtahanlarının müsahibə mərhələsi qeyri-müəyyəndir”. 

Bunu hüquqşünas Xalid Bağırov dövlət müəssisələrinə qəbul imtahanlarının qüsurlarından danışarkən deyib.

İmtahanların birinci mərhələsi olan test mərhələsindən keçid balını yığan iştrakçılar çox zaman ikinci mərhələni uğursuzluqla başa vururlar. Bu da bəzi iştirakçılarda imtahanların formal olaraq keçirilməsi, əslində isə öncədən nəzərdə tutulan şəxslərin qəbul olunacağı fikrini formalaşdırır.

Xalid Bağırov deyir ki, şəxsin biliyini birinci mərhələdə test imtahanıyla yoxlayırlar, ikinci mərhələnin də yenidən bilik yoxlama vasitəsi olmasına ehtiyac yoxdur.

O qeyd edir ki, müsahibədə şəxsin xarici görkəmi, qabiliyyətləri yoxlanmalıdır: "Məsələn, hakimdirsə, bu, danışa bilirmi, nitqi varmı və s. Bu cür qeyri-müəyyən qaydalar olduqda, sui-istifadə halları yaranır, şifahi olduğuna görə heç nə sübut etmək də olmur”.

Onun sözlərinə görə, konkret əsaslandırılmış qərarlar çıxarılmalı, ya da mərhələ olaraq ləğv olunmalıdır. 

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, 2007-2016-ci illərdə dövlət qulluğuna qəbulu, Dövlət Qulluğuna Qəbul üzrə Komissiya həyata keçirirdi və bu zaman da bəzi neqativ hallar baş verirdi: "Bu proses 2016-cı ildən etibarən Dövlət İmtahan Mərkəzinə verildi və mənfi hallar sıfıra qədər azaldı. Hətta test mərhələsində müsbət bal toplayanlar, bəzən müsahibə mərhələsində iştirak etmək istəmirlər. Çünki dövlət müəssisələrinin maaşı çox olmadığından, enerjilərini başqa xidmət sahələrinə yönəldirlər”.

Ekspert deyir ki, əslində müsahibə mərhələsi sadə olmalıdır: "Bizim universitet məzunlarının bilik və bacarıqları o qədər yüksək səviyyədə olmadığından müsahibə mərhələsində də bilik yoxlayırlar”.

K. Əsədov bildirib ki, müsahibə mərhələsində bəzi hallarda mənfi məqamlar olur: "İştirakçıların birbaşa bilik və praktikaları ilə bağlı suallar verirlər. Çünki dövlət orqanı reysə düşmüş sistemdir. Kimisə təcrübəsiz yüksək bir posta gətirmək təhlükəlidir”.

O, hesab edir ki, ümumilikdə götürdükdə bu prosesdə şəffaflıq və ədalətlilik təmin olunub.

Gülzar N. Məmmədli