“İmza toplayanları təqib edirlər, vərəqələri bilərəkdən korlayırlar”

“İmza toplayanları təqib edirlər, vərəqələri bilərəkdən korlayırlar”

10-01-2020 01:00 / Bu xəbər 497 dəfə oxundu

İctimai fəal Zaqatalada imzatoplama zamanı yaradılan maneələrdən şikayət edib

110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini irəli sürən ictimai fəal Nurlana Cəlil maneələrlə üzləşib.

Məlumatı Meydan TV-yə Nurlana Cəlil özü verib.

O deyib ki, yanvarın 8-də və bu gün Bəhmənli kəndində imza toplayan ailə üzvlərini təqib ediblər:

"Konkret olaraq, kənd icra nümayəndəsi Şamil Xasməmmədov imza toplayan yaxınlarımı təqib edib, onları imza toplamaqdan çəkindirməyə çalışıb. Ancaq nəticə vermədiyini gördükdə, əmimin maşını etibarnaməsiz istifadə etdiyini yol polisinə xəbər verib. Maşını müsadirə edib aparan yol polisi bura zənglə gəldiyini bildirib. Halbuki, yerli sakinlər aylardı kənddə maşınlarını istifadə edir, bəs onda niyə gəlib aparmırdınız deyərək etiraz da etdilər. Biz bunun məqsədli müdaxilə olduğunu bilirik”.

Nurlana Cəlil Bəhmətli kəndində məktəb, bağça işçilərinin, sahibkar və fermerlərin ona imza verdikləri təqdirdə, işdən qovulacaqları, habelə sahibkarlar vergi və sosial qurumlar tərəfindən hədələndiyini iddia edir:

"İmza toplamada kömək edən digər əmimə icarə etdiyi rəsm atelyesini boşaltmaq hədəsi ilə təzyiq edilib. Bütün bunlarla bərabər imza toplamağa başladığımız gün mənə məlumat verildi ki, imza vərəqəmi korlayan şəxsə 1.000 AZN pul veriləcəkmiş”.

Onun sözlərinə görə, imzatoplamaya könüllü dəstək verən Zaqatala rayonu Lahıc kənd orta məktəb müəllimi və atasının dostu Səfər Daşdəmirova verdiyi imza vərəqəsini dərhal geri götürmək istəsə də, o, atasını heç bir problem olmayacağı ilə bağlı əmin edib.

"Ancaq səhərisi gün imza vərəqəmi götürməyə getdikdə, uşağın vərəqəyə çay dağıtdığını söylədi. İlk sırada düzgün şəkildə qeyd etdiyim imzaya baxmayaraq müəllim imza vərəqəmi çay dağıdaraq korlaması azmış kimi həm də qüsurlu doldurub. Məsələn, şəxsiyyət vəsiqələrinin seriya nömrələri və adları oxunmaz edib”.

O, DSK-dan yeni imza vərəqəsi istəyib, ancaq verilmədiyini qeyd edib. Onun sözlərinə görə, bununla bağlı MSK-nın qaynar xəttinə müraciət etdikdən sonra DSK-dan onunla əlaqə saxlasalar da, məsələ yenə də həllini tapmayıb. MSK-a təkrar edilən şikayət də məsələnin həllinə yardımçı olmayıb.

"Bütün bunlar belə təəssürat yaradır ki, MSK və yerdəkilər arasında gedən "et, etmirəm” halı var. DSK sədri MSK-nın göstərişlərini yerinə yetirmir”, - Nurlana Cəlil deyib.

Meydan TV 110 saylı Zaqatala Seçki Dairəsinin sədri Fikrət Mustafayevlə əlaqə saxlayıb. Fikrət Mustafayev sualımızı eşitdikdən sonra telefonu qapayıb, əlavə zənglərə cavab verməyib.

MSK-nin şöbə müdiri İsmayıl Abbasəliyev Meydan TV-ə Nurlana Cəlilin onunla əlaqə saxladığını təsdiqləyib: "Bəli, Nurlana Cəlil bizimlə əlaqə saxlayıb, ona bu gün yeni imza vərəqələri veriləcək”.

İmza vərəqi