"İndi Rusiyanın qarşısında iki yol var..." - ŞƏRH

05-08-2017 12:13 / Bu xəbər 1600 dəfə oxundu

"Rusiya qarşısında iki yol var: ya çağdaş dəyərlərə uyğun münasibətlər sisteminə dönmək üçün cəhdlər etməlidir, ya da Rusiyada hakimiyyət dəyişməlidir"

ABŞ prezidenti Donald Trump avqustun 2-də Rusiyaya qarşı sanksiyalar haqda qanunu qəbul edib.  

ABŞ Senatı iyulun 27-də Rusiyaya sanksiyaları sərtləşdirən layihəni yekdilliklə qəbul etmişdi. İran və Şimali Koreyaya da yeni sanksiyalar qoyan layihə 98-2 səsçoxluğu ilə qəbul olunmuşdu.

Bu sanksiyalar Qərb şirkətlərinin Rusiyada biznes qurmasını əngəlləyəcək. Rusiyanın enerji şirkətlərinə yeni sanksiyalar bu ölkənin ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə qoyulur. Daha bir səbəb Moskvanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsidir.

İsa Qəmbər: "Azərbaycan demokratik yolla inkişaf etsəydi, dünyanı dəyişən ölkələrlə bir sırada olardı”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Toplum TV-yə açıqlamasında bildirib ki, ABŞ Rusiyaya sanksiya tətbiq etməsi dünya siyasətində ciddi dönüş yaradacaq: "ABŞ Konqresinin qəbul etdiyi və prezidentin imzaladığı yeni sanksiyalar beynəlxalq münasibətlərdə çox ciddi dönüşdən xəbər verən bir hadisədir. Əvvəlki ağır sanksiyalarla müqayisədə belə yeni sanksiyalar çox ciddi görünür. Bu qərar təsadüfi və impulsiv deyil, son onilliklərdə baş verən məntiqdən doğan bir qərardır. Bir tərəfdən geopolitik siyasi sahədə baş verən hadisələr, xüsusən Rusiya kimi avtoritar düzənli ölkələrin beynəlxalq müqavilələri pozması, o cümlədən 1994-cü il Budapeşt Memorandomunu pozaraq Ukraynaya təcavüz etməsi, Krımın işğalı, Suriyada və digər yerlərdə gərginliyi artırması beynəlxalq qüvvə mərkəzləri tərəfindən ciddi təhlükə olaraq qiymətləndirilib. Digər tərəfdən də, beynəlxalq iqtisadi münasibətlərdə də maliyyə proseslərində baş verən hadisələr müəyyən yenilikləri tələb edir. Bu yeniliklər bir sıra addımlarla təsis ediləcək. Sanksiyalar da yenilikləri təsis edəcək ciddi addımlardan biridir. Sanksiyalar nəticəsində Rusiya Şimali Koreya və İran kimi dövlətlərlə bir sıraya qoyuldu və faktiki olaraq Putin rejimi həfədə alındı. Hesab edirəm ki, Reyqan dövrünün sanksiyaları SSRİ kimi nəhəng dövlətin iqtisadi çökməsinə və sonradan siyasi cəhətdən parçalanmasına gətirib çıxartdığı kimi, indiki sanksiyalar da SSRİ-dən qat-qat zəif olan Rusiyanı ciddi zəiflədəcək. İndiki zamanda Rusiyanın qarşısında iki yol var: ya çağdaş dəyərlərə uyğun münasibətlər sisteminə dönmək üçün cəhdlər etməlidir, ya da Rusiyada hakimiyyət dəyişməlidir. Birinci yol Rusiya rejimi üçün qəbuledilməzdir. Dəyişikliyə gəlincə, tarixi baxımdan bu proses, düşünürəm ki, qısa zamanda baş verəcək və qaçılmazdır”.

Sanksiyaların regiona təsirindən danışan İsa Qəmbər vurğulayıb ki, bütövlükdə bu sanksiyalar regionda müsbət dəyişiklərə gətirib çıxaracaq: "Son onilliklərdə postsovet ölkələrində özünə uyğun rejimləri bəsləmək və dəstək vermək siyasəti yürüdən Rusiyanın regiona təzyiqi azalacaq. Əgər Azərbaycan bugünə qədər demokratik yolla inkişaf etsəydi, 1993-cü ildə ölkədə avtoritar rejim qurulmasaydı, bu illər ərzində ölkənin inkişafı elə bir nöqtəyə gətirib çıxara bilərdi ki, Azərbaycan dünyanı dəyişən ölkələrlə bir sırada ola və proseslərə daha çox təsir göstərə bilərdi. O cümlədən işğal altında olan ərazilərimizin problemi də çoxdan həll olunardı. Təəssüf ki, bu, baş verməyib və indiki mərhələdə Azərbaycan hakimiyyəti cağdaş qərarlar qəbul etsə, dünyada baş verəcək dəyişikliklərdən ciddi xeyir qazana bilər, amma əgər hakimiyyət ziyanlı qərarlar qəbul etsə, bütün dünyaya müsbət təsir edəcək dəyişikliklər Azərbaycana mənfi təsir edə bilər. Bir çox ekspertlər də qeyd edib ki, "Rusiyanın forpostu” adlandırılan Ermənistan ABŞ və Avropa ilə əlaqələri mümkün qədər yüksək səviyyədə qoruyub saxlamağa çalışır. Ən çətin şəraitdə Avropaya inteqrasiya imkanlarını saxlayır, NATO və Avropa Birliyi ilə sıx əməkdaşlığı davam etdirir. Azərbaycan hakimiyyətinin səhv siyasəti nəticəsində Azərbaycan bu proseslərdən kənarda qalıb. Bu, Qarabağ məsələsində Azərbaycan üçün yaxın gələcəkdə ciddi problemlər yarada bilər. Bütün bu məsələlər nəzərə alınmalıdır, əgər Azərbaycan hakimiyyətinin zəruri addımlar atmağa iradəsi çatması, Azərbaycan cəmiyyəti və aparıcı qüvvələri gərəkən addımları atmağa hazır olmalıdır”. 

Natiq Cəfərli: "Rusiya iqtisadiyyatına ciddi zərbə dəyəcək”

İqtisadçı Natiq Cəfərli sanksiyaların iqtisadi tərəfini şərh edərkən deyib ki, bu, Rusiya üçün ağır nəticələr törədəcək: "Rusiya artıq bir neçə ildir sanskiya rejimində yaşayırdı və az da olsa, bu rejimə uyğunlaşmışdı. Yeni sanksiyalar bu rejimə uyğunlaşmanı daha da çətinləşdirəcək, çünki nəticədə Rusiyanın enerji sektoruna böyük zərbənin deyəcəyi gözlənilir. Yeni texnologiyaların və avadanlıqların neft və qaz sektoruna satılması, hər hansı formada xarici şirkətlərin Rusiya ilə əməkdaşlığı ABŞ tərəfindən qəbul olunmuş sanksiyalar çərçivəsində ciddi olaraq cəzalandırıla bilər. Digər ən mühüm amillərdən biri də budur ki, əvvəl 60 günlük Rusiya şirkətlərinə və banklarına qısamüddətli borc cəlb etməyə imkan var idi, indi bu müddət iki dəfə azaldılıb, 10 milyon dollar məbləğinə qədər məhdudiyyət qoyulub. Yəni həm maliyyə, həm enerji sektoruna ciddi zərbə deyəcək və Rusiya iqtisadiyyatı daha ağır bir dönəmə qədəm qoyacaq. Yenidən sanksiya rejiminə adaptasiya olmaq Rusiya iqtisadiyyatına asan başa gəlməyəcək, çünki məhdudiyyətlər çox ciddidir. Çox güman ki, Rusiya texnologiyaların alınması üçün Çinə müraciət edəcək. Bu da o deməkdir ki, texnologiyaların keyfiyyəti daha aşağı olacaq. Yeni sanksiyalar istənilən halda Rusiya iqtisadiyyatının onurğa sütunu olan neft-qaz sektoruna ciddi zərbə vuracaq”.

Zərdüşt Əlizadə: "Azərbaycan hakimiyyəti iqtidarda qalmaq üçün heç bir tərəfə kifayət qədər yaxınlaşmır”

Politoloq Zərdüşt Əlizadə Toplum TV-yə şərhində ABŞ və Rusiya arasında soyuq müharibənin onilliklərdir ki, davam etdiyini deyib: "Bu savaşda əziyyəti həm də kiçik ölkələr çəkib və çəkəcək. Azərbaycan kimi ölkələr çalışmalıdırlar ki, özlərini dəyə biləcək ziyanlardan sığortalasınlar və hər iki dövlətlə yaxın əlaqələr qursunlar. Azərbaycan hakimiyyəti həm də iqtidarda qalmaq üçün heç bir tərəfə kifayət qədər yaxınlaşmır. Qərbə yaxınlaşa bilmirlər, çünki Qərb demokratiya tələb edir. Rusiyaya da tam yaxınlaşa bilmirlər, çünki belə olduqda sülalə hakimiyyəti üçün risklər yaranır. Əsas olan odur ki, bu əlaqələrdə balans qorunsun".

Aydın Mirzəzadə: "Azərbaycana təsir etmək şansı yoxdur”

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Toplum TV-yə bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycanın siyasətinə təsir etməyəcək: "Bu sanksiyaların əsas ünvanı Rusiyadır. Azərbaycan bu gün iki nəhəng güc arasında münasibətlərin gərgin olmasını arzulamır və hər iki dövlətlə yaxşı münasibətləri qorumağa çalışır. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarda Azərbayana toxunan hər hansı bir məqam yoxdur. Yeni sanksiyalar Azərbaycanın xarici siyasətinə təsir etməyəcək”.