"Çingiz Abdullayev: "Kürdəmirə getmişdik, camaat icra başçısının hərəkətinə görə məndən üzr istədi"

12-04-2019 13:51 / Bu xəbər 1323 dəfə oxundu

"Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi". 

Bu sözləri Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev "Report"a müsahibəsində deyib.

Yazıçı deyib ki, icra başçısı hətta müavininə onlarla görüşməyi qadağan edib: "Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər".

Kürdəmir Rayon İcra Hakimiyyəti Çingiz Abdullayevin ittihamlarına cavab verib. 

İcra başçısının köməkçisi Mirmahmud Mahmudov Bakupost.az-a açıqlamasında deyib ki, yazıçı Çingiz Abdullayev Kürdəmir rayonuna aprel ayının 4-də gəlib: "Çingiz Abdullayev Kürdəmirə bu ayın 4-də gəlib. O, rayona Nizami Gəncəvi adına muzeyin təşkilatçılığı ilə gəlmişdi. Həmin vaxt isə cənab başçı rayonun Mollakənd kəndində vətəndaşlarla səyyar görüşdə olub, ona görə də həmin tədbirdə iştirak edə bilməyib. Çingiz Abdullayevlə birlikdə rayona akademik Rafael Hüseynovun da gəldiyi xəbəri isə doğru deyil”. 

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur. 

O, Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.