"Çingiz Qənizadə siyasi əqidəsini dəyişmiş, "satılmış” adamdır" - Keçmiş deputat

19-09-2017 15:44 / Bu xəbər 1861 dəfə oxundu

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə deputat, Bakı şəhərinin sabiq prokuroru Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib.

Q.Salahzadə "Ölkə.Az”a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, "satılmış” adamdır:

"Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə danışmağı təbiidir. Çünki hazırda Çingiz Qənizadənin oğlu Binəqədi rayon prokurorunun müavinidir. Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Digər tərəfdən isə Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Həmin Çingiz Qənizadə ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər onun əleyhinə iş aparıb, AXC-Müsavat hakimiyyətinin istəklərini yerinə yetirib. Hətta, 1993-cü ildən sonra Çingiz Qənizadə öz əməllərinə görə həbs də olunub. Ondan fərqli olaraq, mən Çingiz Qənizadə kimi gündə bir siyasi partiya dəyişməmişəm. Əvvəldən sonadək ulu öndər Heydər Əliyev siyasətini və cənab Prezident İlham Əliyevi dəstəkləyəcəm. Kimsə məni bu mövqedən döndərə bilməz. Yaxşı olar ki, Çingiz Qənizadə gedib öz keçmişinə nəzər salsın. Çingiz Qənizadədən fərqli olaraq mənim keçmişimdə ləkə yoxdur, sifarişlə danışmamışam. Çingiz Qənizadə barəsində gedib onun el-obasından maraqlanın, hər şey aydın olacaq. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz”.

Şeyxin qudası Çingiz Qənizadəni ondan rüşvət almaqda da ittiham edib: "Vaxtilə Çingiz Qənizadə Bakı şəhər prokuroru işləyəndə məndən 30 min dollar rüşvət almışdı. Həmin pulun qarşılığında məni həbsdən azad edəcəkdi. Ancaq dövran elə oldu ki, AXC-Müsavat hakimiyyətdən getdi və Çingiz Qənizadə də ortada tək qaldı. Mən də pullarımı geri almaq üçün Çingiz Qənizadənin iş yerinə, evinə gedib neçə gün onu izlədim. Məndən qaçıb gizlənirdi. Axırda işdən çıxanda onun qabağını kəsib pullarımı tələb etdim və ona vaxt qoydum. Dedim ki, əgər pulum axşam saat 18:00-dək gətirilməsə, ayrı cür hərəkət edəcəm. Həmin günü dediyim vaxtda da Çingiz Qənizadə 30 min dolları gətirib qaytardı”.

Q.Salahzadə iddia edir ki, Ç.Qənizadə vəzifədə işləyən zaman "Zirəli Mustafa” adlı bir şəxsə də dəhşətli işgəncələr verib:"Həmin "Zirəli Mustafa” da mənim tanıdığım adam idi. Çingiz Qənizadə onu həbs edərək, işgəncələr vermişdi. Elə oldu ki, sonradan Çingiz Qənizadənin özü də həbs olundu. Bu dəfə "Zirəli Mustafa” Çingiz Qənizadədən intiqam almaq istəyirdi. Mən isə imkan vermədim ki, "Zirəli Mustafa” Çingiz Qənizadəyə nəsə etsin. Hörmətli bir adamın xahişi ilə gedib "Zirəli Mustafa”dan xahiş etdim ki, Çingiz Qənizadə ilə barışsın və sairə. Bütün bunlar Çingiz Qənizadənin cinayət işi materiallarında da var”.

Milli Məclisin deputatı Çingiz Qənizadə "unikal.org”-a açıqlamasında keçmiş deputat Qalib Salahzadəni açıqlamalarına görə tənqid edib. O, Hacı Qalibin dediklərini məntiqsiz, həqiqətə uyğun olmayan fikirlər hesab edib: "Mən Qalib Salahzadənin məlum açıqlamasını oxudum. O, hər zaman məntiqə uyğun oldu-olmadı, nə düşünübsə, onu da danışıb. Əvvəla, sən kimsən ki, ölkənin Baş prokuroru səninlə düşmənçilik aparsın? Sabunçudakı torpaqların alınması ilə bağlı səslənən ittihamlar absurddur. Zakir müəllim Baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ hallar tamamilə aradan qaldırılıb. Kadrların yerləşdirilməsində, istintaqın keyfiyyətində, prokurorluq orqanlası əməkdaşlarının davranış qaydalarında əsaslı şəkildə dəyişiklik olub. Baş prokurorun hansısa sıravi bir adamla ədavət aparması gülüncdür. Xatırlayırsınızsa, Salahzadə demişdir ki, 500 nəfəri həccə göndərib. Mən də açıqlamamamda bildirdim ki, bu həqiqətə uyğun deyil. Bu adamların birini 2 min dollardan hesablasaq bir milyon pul edir. Ondansa, savadlı gənclərimiz var, imthan veriblər, ali məktəbdə oxumaq üçün imkanları yoxdur, onlara yardım etmək lazımdır.

Hesab edirəm ki, Q.Salahzadənin bu açıqlaması da həmin mənasız bəyanatlardan biridir. Hər dəfə o belə açıqlamalar verməklə özünə yaxın olan adamlar üçün də başıucalığı gətirməyən hallara rəvac vermiş olur. Düşünürəm ki, bunlar Qalib Salahzadənin həmişə dediyi məntiqsiz, həqiqətə söykənməyən, özünün fərziyyəsinə uyğun fikirlərdəndir”.

Ç.Qənizadə vaxtilə "Zəfəran Zavxozu”na məxsus torpaqların taleyinin araşdırılmasının vacib olduğunu da qeyd edib: "Q.Salahzadənin açıqlamasını oxuyan hər bir vətəndaş hesab edir ki, Azərbaycan kimi bir dövlətin baş prokurorunun sıravi bir adamla düşmənçilik aparması gülüncdür. Hacı Qalib o qədər də əməli saleh adam deyil. Mən onun bu dediklərini savadsız, mənasız, heç bir əsası olmayan, özünə qarşı mənfi fikrin formalaşmasına xidmət edən sözlər kimi qəbul edirəm.

Zakir müəllimin necə təmiz və saf kadr olmasını təkcə prokurorluq orqanlarının əməkdaşları deyil, bütün cəmiyyət bilir. Bu adam haqqında indiyə qədər bir dənə də olsun neqativ ifadə, fikir səslənməyib. Bir nəfərin sərsəm fikirləri onun nüfuzuna kölgə sala bilməz. Deyilənlər bu açıqlamanı verənin özünün imicinə qarşı fikirlərin formalaşmasına xidmət edir.

Mən çox istərdim ki, həm Baş Prokurorluq, həm də digər qurumlar səviyyəsində Sabunçu ərazisində yerləşdən vaxtilə "Zəfəran Zavxozu” olan torpaqların taleyi araşdırılsın. Çox güman ki,onların böyük hissəsi Qalibin özündə olacaq. Qalanlarının da taleyi araşdırılsa, yaxşı olar”.